Yaşayış minimumu niyə minimum əmək haqqından aşağı müəyyən edilir? - İqtisadçılardan açıqlama
İqtisadiyyat
294
14:54, Bu gün

Yaşayış minimumu niyə minimum əmək haqqından aşağı müəyyən edilir? - İqtisadçılardan açıqlama

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq. Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Azərbaycanda minimum əməkhaqqı isə  400 manatdır. Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur.  Qeyd edək ki, 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.
 
 Bəs yaşayış minimumu minimum əmək haqqından niyə  aşağı müəyyən edilir?
 
Moderator.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, yaşayış minimumu ilə minimum əmək haqqı fərqli anlayışlardır:
 
“Yaşayış minimumu adətən minimum əmək haqqından aşağı göstərilir. Ölkədə minimum əmək haqqı 400 manatdır, amma yaşayış minimumu 300 manat müəyyən olunur. Bu, statistik rəqəmlərdə yoxsul insanların sayının az görünməsinə səbəb olur. Əgər yaşayış minimumu 500 manat olsaydı, minimum əmək haqqı 400 manat olduğundan, rəsmi statistika göstərərdi ki, ölkədə xeyli sayda yoxsul insan var. Hazırda isə minimum əmək haqqı 400 manat olduğundan, rəsmi rəqəmlərdə yoxsul əhalinin sayı az – təxminən 5% civarında göstərilir”.
 
Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, ölkədə yaşayış minimumu minimum əmək haqqından az olmalıdır:
 
“Məsələ ondadır ki, ölkədə minimum əməkhaqqı da kifayət qədər aşağıdır. Xatırladım ki, 2001-ci ildə Azərbaycan Avropa Şurasına qəbul olunanda, Avropa Sosial Xartiyasının tələblərinə uyğun olaraq öhdəlik götürmüşdü ki, 5 il ərzində minimum əmək haqqını orta aylıq əmək haqqının 60 faizinə çatdıracaq. 24 il keçməsinə baxmayaraq, hazırda minimum əmək haqqı orta aylıq əmək haqqının təxminən 40 faizinə bərabərdir. Yəni Azərbaycan hökuməti beş ilə yerinə yetirəcəyi öhdəliyi 25 ildir yerinə yetirməyib. Hazırda Azərbaycanda minimum əməkhaqqı ən azı 600 manat civarında olmalıdır. Yaşayış minimumu isə təxminən 300–400 manat arasında müəyyənləşdirilməlidir. Bu, Azərbaycanın sosial təminat sistemində ciddi çatışmazlıqlardan biridir”.
 
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər