Azərbaycan bu agentliklə əməkdaşlığı dayandırdı
İqtisadiyyat
142
14:22, Bu gün

Azərbaycan bu agentliklə əməkdaşlığı dayandırdı

Azərbaycanın Maliyyə Nazirliyi “S&P Global Ratings” agentliyi ilə müqavilə əsasında əməkdaşlığı dayandırıb.

Moderator.az nazirliyə istinadən xəbər verir ki, Azərbaycan beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir:

“Bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi (“Fitch”, “S&P Global Ratings”, “Moody’s”) ilə əməkdaşlıq həyata keçirilib, həm rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, həm də müqavilə öhdəlikləri olmadan (“unsolicited rating”) agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilib”. 

Nazirlik bildirir ki, beynəlxalq təcrübədə bu üç aparıcı beynəlxalq reytinq agentliyindən ikisi tərəfindən qiymətləndirmə geniş tətbiq edilən institusional təcrübədir. Bu təcrübədən çıxış edərək, Azərbaycan son 5 ildə ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsini iki agentlik (“Fitch”, “S&P Global Ratings”) vasitəsilə rəsmi müqavilə üzrə ödənişli əsaslarla, bir agentliklə isə (“Moody’s”) müqavilə öhdəlikləri olmadan, yəni Azərbaycan tərəfindən hər hansı ödəniş edilmədən həyata keçirib:

“Bu dövr ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan fundamental və davamlı müsbət meyllər fonunda ölkənin kredit reytinqi artıb və 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəldilib. Belə ki, agentliklər tərəfindən “BBB-” və “Baa3” səviyyəsinə qaldırılan suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib. Hər iki reytinq agentliyi Azərbaycanın güclü fiskal və xarici mövqeyə malik olmasını, xarici valyuta aktivlərinin əhəmiyyətli artmasını, aşağı dövlət borcu və müsbət büdcə göstəricilərinin iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlılığını təmin etdiyini vurğulayıb.

Reytinq agentlikləri ilə əməkdaşlıq üzrə qeyd olunan beynəlxalq təcrübəyə uyğun olaraq, növbəti dövrdə də rəsmi müqavilə üzrə ödənişli əsaslarla yalnız iki agentliklə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Əldə olunmuş uğurlar və qarşılıqlı faydalı, effektiv əməkdaşlıq nəzərə alınaraq “Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə imzalanan müqavilələr çərçivəsində ödənişli əsaslarla institusional əməkdaşlığın həyata keçirilməsi təmin olunub”.

Maliyyə Nazirliyi hesab edir ki, iki agentliyin qiymətləndirilməsinin beynəlxalq kapital bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün kifayət edir. Buna görə də “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsi nəzərdə tutulub. 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər