Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni dekabrın 10-da 2025-ci il üzrə sonuncu dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək. Bu barədə AMB-dən bildirilib.
Mərkəzi Bank sonuncu dəfə bu il iyul ayının 23-də bir ildən artıq müddətdə ilk dəfə uçot dərəcəsini 7,25%-dən 7%-ə endirib. Sonuncu qərarında, yəni oktyabarın 22-də uçot dərəcəsini sabit saxlayıb.
AMB qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir.
Moderator.az-a danışan iqtisadçı-alim Vüsalə Əhmədova Mərkəzi Bankın dekabrın 10-da keçiriləcək iclasında uçot dərəcəsini sabit saxlayacağını deyib:
“Bunun üçün bir neçə əsas var. İllik inflyasiya artıq 5,9 %-ə çatıb. 2026-cı il üçün orta proqnoz aralığı real artımın 2,5-3,3%, inflyasiyanın isə 3,5-4,5% olacağı yönündədir. MB-nin əsas hədəfi qiymət sabitliyidir. İnflyasiya bu diapazona yaxın olsa da, hələ tam “sabitlik” şəraitində olduğu söylənə bilməz. Hazırda beynəlxalq iqtisadi mühit, xüsusilə enerji bazarları və valyuta kursu baxımından hələ kifayət qədər proqnozlaşdırıla bilməzdir. Bu da MB-ni ehtiyatlı olmağa vadar edə bilər. Faiz dərəcələri tam olaraq inflyasiyanın dinamikası, manata təzyiq, neft bazarı, idxal qiymətləri və digər makroiqtisadi risklərdən asılıdır. Yalnız, qeyri-neft sektorunda iqtisadi aktivliyin zəifləməsi və kredit bazarında yavaşlama müşahidə edilsə, maliyyə bazarı və kredit tənzimləmələrini daha yumşaq saxlamaq üçün faiz dərəcəsini az da olsa endirmək istəyə bilər. Sabit və nəzarətdə olan inflyasiya mühiti üçün faizi 7.00%-dən 6.75%-ə endirmək ehtimalı da mövcuddur”.
İqtisadçı qeyd edib ki, faiz dərəcələri endiriləndə iqtisadiyyatın müxtəlif sahələrində bir-biri ilə əlaqəli bir neçə mühüm proses baş verir:
“İlk öncə istehlak kreditləri ucuzlaşır, ipoteka daha əlçatan olur, şirkətlər daha rahat borc götürür və investisiyaya pul ayırır. Nəticədə, iqtisadi aktivlik artır ki, bunlar müsbət tendensiyalardır. Lakin eyni zamanda da, daha çox pul dövriyyəyə daxil olduğu üçün tələb artır, qiymətlər yüksəlir. Ona görə də, Mərkəzi Bank faiz endirimlərini ehtiyatla və mərhələli etməyə meyillidir”.
Mehin Mehmanqızı