Bizi sosial şəbəkələrdən izləyin:
Misir Ərəb Respublikasının Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclası keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli iclasda çıxış edərək Azərbaycanın D-8 ölkələri ilə səmərəli tərəfdaşlıq əlaqələrinə malik olduğunu vurğulayıb. D-8 təşkilatının üzv dövlətlər arasında ticarət üzrə dayanıqlılığın gücləndirilməsi, bazarların şaxələndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından effektiv platforma olduğu qeyd edilib. Təşkilat daxilində ticarət həcmlərinin artırılması və daha səmərəli iqtisadi əlaqələrin formalaşdırılması istiqamətində aparılan müzakirələrin önəmi diqqətə çatdırılıb. Azərbaycanda mövcud əlverişli biznes mühiti, ölkəmizin strateji nəqliyyat-logistika üstünlükləri, sənaye potensialı və geniş investisiya imkanları barədə məlumat verilib.
Tədbirdə üzv ölkələr arasında ticarət inteqrasiyasının dərinləşdirilməsi, sərmayə axınının artırılması, davamlı inkişafın təşviqi və bilik mübadiləsinin genişləndirilməsi üzrə müzakirələr aparılıb. İqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi məqsədilə ticarət forumlarının təşkili, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və birbaşa biznes əlaqələrinin qurulmasının əhəmiyyəti xüsusi vurğulanıb. D-8 ölkələri arasında ticarətin dövriyyəsinin artırılması üçün birgə səylərin gücləndirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.
İclasda D-8 üzvü olan dövlətlərin ticarət üzrə məsul nazirləri və nümayəndə heyətləri iştirak ediblər və Ticarət Əməkdaşlığı haqqında Qahirə Bəyannaməsi qəbul edilib.