“Black Friday” mifi: “Anbarda qalan malları endirim adı ilə satırlar”
İqtisadiyyat
111
12:47, Bu gün

“Black Friday” mifi: “Anbarda qalan malları endirim adı ilə satırlar”

Hər kəs geyinməyi, özünə yeni və zövqlü tərz yaratmağı sevir. Lakin bahalaşmanın müşahidə olunduğu bir dövrdə insanlar istədiklərini almaqda çətinlik çəkir və bu səbəbdən xüsusi endirim günlərini səbirsizliklə gözləyir. Məhz buna görə də “Black Friday” kimi genişmiqyaslı kampaniyalar daha da aktuallaşır — alıcılara həm büdcəni qorumaq, həm də ehtiyaclarını daha sərfəli şəkildə qarşılamaq imkanı yaradır. Bu il artan maraq fonunda bir çox insan üçün “Qara Cümə” yalnız alış-veriş günü deyil, uzun müddətdir arzuladığı məhsullara daha münasib qiymətlə sahib olmaq fürsətinə çevrilib. 
 
Bəs ölkəmizdə “Black Friday” endirimləri nə dərəcədə realdır? 
 
Moderator.az-a danışan marketoloq Elnur Salehov deyib ki, Azərbaycanda “Black Friday” adı ilə təqdim olunan kampaniyalar real endirim anlayışına uyğun gəlmir. Ekspertin sözlərinə görə, 70–80 faiz civarında endirim etmək ölkə bazarının şərtlərinə heç bir halda uyğun deyil:
 
“Azərbaycanda belə yüksək endirimlərin olması mümkün deyil. Çünki ölkədə həm vergilər, həm də gömrük xərcləri kifayət qədər yüksəkdir. Maksimum endirim edənlər də, əsasən, outlet malları satışa çıxaran mağazalardır. Mağazalar “Black Friday” adı altında daha çox anbarda uzun müddət qalan, tələbatın aşağı olduğu və ya vaxtilə baha olduğu üçün alınmayan məhsulları satışa çıxarırlar. Outlet dedikdə, anbarlarda qalan, uzun müddət satılmayan, amma kiminsə vaxtilə almaq istədiyi mallar nəzərdə tutulur. Şirkətlər bu malları ucuz qiymətə satışa çıxarırlar ki, anbar boşalsın və yeni malların gətirilməsi üçün yer açılsın. Yəni mağazalar məhsul gətirdikdə anbar kirayələməyə məcbur olurlar. Anbarda malın qalması şirkət üçün maliyyə itkisi deməkdir.  Buna görə də mağazalar köhnə malları çıxarıb ucuz qiymətə satırlar və bunun adını “Black Friday” qoyurlar”.
 
Marketoloq əlavə edib ki, Azərbaycanda “Qarabağ”, “Neftçi” kimi futbol komandalarının orijinal formalarının qiyməti 120–150 manat civarındadır və bu məbləğ normal sayılır:  
 
“Lakin rəsmi səhifədə rəylərdən də görünür ki, insanların  əksəriyyəti qiymətlərin baha olmasından şikayətlənir. Çoxları bu formaların tam orijinal olduğunu nəzərə almır. Belə formaların ucuz qiymətə satılması mümkün deyil. Eyni zamanda, istehsal sayını nəzərə alsaq, qiymətlərin bu intervalda dəyişməsi təbii haldır. Azərbaycanda orijinal geyimə pul verəcək insanlar çox azdır, daha çox imkanlı şəxslər bu məhsulları alır”.
 
Elnur Salehov  qeyd edib ki, xarici saytlarla müqayisələr də çox vaxt düzgün aparılmır:
 
“İstifadəçilər “Puma”, ”Adidas” kimi brendlərin qiymətlərə baxıb deyirlər ki, bizdə də həmin qiymətədir, onlarda da . Amma nəzərə almırlar ki, “Adidas” və “Puma” kimi şirkətlər Almaniya və digər ölkələrdə milyonlarla forma istehsal edir və böyük bazara satırlar. Ölkədə isə “Qarabağ”, ”Neftçi” kimi komandaların  orjinal formalarının istehsal sayı 10 mindən yüksək deyil.  Azərbaycanda  istehsal və idxal sayı aşağıdır. Şirkətlər də bilirlər ki, ölkədə alıcılıq qabiliyyəti zəifdir, ona görə də qiymətə öz xərclərini və gəlir marjasını əlavə edirlər. Bu halda 120–150 manat aralığı tam optimal sayılır. Brend məhsulların qiymətində mənfəət və gəlir də nəzərə alınmalıdır. Brend malların “Black Friday” kampaniyasına aidiyyəti yoxdur. Çünki onların gömrük xərcləri, saxlanma xərcləri, logistika və gələcək mənfəət hesablamaları var”.
 
Marketoloqun fikirincə, orta seqmentdə  türk malları gətirən mağazaların “Black Friday” etməsi gülməlidir:
 
“Çünki həmin mağazalarda ilboyu endirim olur. Ümumiyyətlə,  bizdə endirim sistemi belə qurulub: ilin əvvəlində qiymətləri 50–60 faiz qaldırırlar, sonra yavaş-yavaş guya endirim edirmiş kimi aşağı salırlar. Bu da olur endirim. 
Azərbaycanda indiki halda “Black Friday” deyilən real endirim anlayışı yoxdur. Təbii ki, biz də istəyərdik ki, olsun. Amma hər şey alıcılıq qabiliyyətindən asılıdır”.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər