Hörmətli Millət vəkilləri, Hökümət üzvləri və büdcə -plan proqnozlarını hazırlayan mütəxəssislər,
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcə layihəsinin müzakirəsi Milli Məclisdə aktual mövzularımızdan birini təşkil edir. Bu layihə ölkəmizin iqtisadi sabitliyini, sosial rifahı və gələcək dayanıqlı inkişafını təmin etmək üçün vacib vasitədir. Beynəlxalq təcrübələrə və qlobal iqtisadi meyllərə əsasən, büdcənin optimallaşdırılması iqtisadi artımı dəstəkləyə bilər və potensial riskləri minimuma endirə bilər. Əgər bu proqnoz və planlar bu formada qəbul olsa gələn il iqtisadiyyatın vəziyyəti daha da ağırlaşacaq.
Aşağıdakı suallar bu istiqamətdə konstruktiv fikirləşmə üçün nəzərdən keçirilib və ölkəmizin uzunmüddətli maraqlarını nəzərə alaraq hazırlanmışdır. Bu suallara cavablar vasitəsilə, proqnozların daha da möhkəmləndirilməsi və innovativ həllər tapılmasına töhfə verə bilərik. Təşəkkür edirəm ki, bu prosesdə iştirak edirsiniz – birlikdə ölkəmizin gələcəyini daha parlaq edə bilərik.
Suallar:
1. Dünyada elə bir təcrübə varmı ki, hər hansı bir ölkə elm və inkişaf xərclərini Ümumi daxili məhsulun (ÜDM) 0, 16%-nə düşürərək iqtisadi artıma malik olsun və inkişaf etmiş cəmiyyət qura bilsin? Son 35 ildə elmin bütün göstəriciləri 20%-dən 20 dəfəyə qədər azalmışdır. 2026-cı ilə də büdcədən elm xərcləri 10 milyon manat azaldılır. Süni intellekt və rəqəmsallaşma erasında bütün fəaliyyət elmlə tənzimlənir. Texnoloji və yaradıcı cəmiyyətlər elmə ÜDM-nin 3.0-6.3%-ni yönəldir və çox yüksək nəticələr əldə edir. Dünyanın ən güclü elm mərkəzi olan İsrail elmə ÜDM-nin 6.3%-ni və ya 34 milyard dollar yönəldir. Belə bir səviyyəyə nail olmaq üçün Azərbaycanın illik elm və inkişaf xərcləri 4,5 milyard dollara çatmalıdır (indi 145 milyon dollar).
2. Dünyada elə bir uğurlu ölkə varmı ki, yaradıcılığa-əsas kapitalın maliyyələşdirilməsinə ÜDM-nin 12-14%-ni xərcləyə və böyük uğur qazana? Dünyanın ən uğurlu inkişaf edən Çin Xalq Respublikasında 1978-ci ildən bəri bu rəqəm 44%-dən aşağı olmayıb. Azərbaycan təcrübəsində 70-ci illərdə və 2004-2007-ci illərdə bu rəqəm 50-58%-ə çatan zamanı iqtisadi artıma görə Azərbaycan dünyada birinci yerə çıxmışdı (illik 25-35%). O vaxtlarda proqnozlaşdırmanın bazası eyni rəhbərlik tərəfindən qoyulmuşdur. İndi isə Əsas kaptala investisiyalar 10 ildir ki, azalmaqda davam edir. Bu il də azalma nəzərdə tutulur. Hər halda bu il büdcədən investisiyaların azaldılmasına səs verməyə hazırlaşırıq.
3. Siz yeni yaradılan iş yerlərinin sayının sürətlə azaldan və həm də uğur qazanan, ciddi artım əldə edə bilən hər hansı bir ölkə tanıyırsınızmı? Yoxdur beləsi və bizim ölkə istisna ola bilməz. 2019-cu ildə ölkədə 192 min yeni işçi yeri yaradılmışdırsa, 2024-cü ildə cəmi 92 min yeni işçi yeri formalaşmışdır. 2026-cı il bu göstərici də xeyli azaldılması nəzərdə tutulur. İqtisadi artımı təmin etmək üçün əsas kapitala investisiya və müvafiq olaraq yeni işçi yerlərinin artırılması lazımdır.
4. Tarix bu gün Azərbaycanda tətbiq olunan proqnozlaşma metodlarını tətbiq edən və uğur qazanan ikinci bir təcrübə tanımır və əminəm, siz də bunu təsdiq edə bilərsiniz: dövlətin əlində cəmləşdirilən resursların həcminin sürətlə artırılması, vergi dərəcələrinin sürətlə artırılması, vergi məbləğlərinin ÜDM-ə nisbətən daha sürətlə artırılması və s. kimi tədbirlər dövlətin iqtisadiyyata əsassız müdaxiləsinə, iqtisadiyyatın çökməsinə, korrupsiyanın sürətlə genişlənməsinə, özəl sektorun müflisləşməsinə, investisiyaların ciddi surətdə azalmasına aparan yoldur. Təklif nəzəriyyəsinə əsasən 70-ci illərin vergi islahatlarından (A. Laffer) sonra başlanan islahatlar istisnasız bütün ölkələrdə vergi dərəcələrinin azalması ilə aparılır və uğur qazanır. Bütün uğur qazanan inkişaf etmiş ölkələr bu yolla böhranları dəf etmişdir. Bu ilki vergi artımı baş tutarsa, iqtisadiyyat durğunluq dövründən çökmə mərhələsinə keçə bilər. Məsələ burasındadır ki, durğunluq dövrünün əsas səbəblərindən başlıcası vergi və banklar olmuşdur.
5. Dünyada heç bir ölkə nəhəng bankları, investisiya fondlarını, maliyyə şirkətlərini ölkəsinə dəvət etmədən, böyük pul bolluğu yaratmadan ciddi uğur qazana bilməmişdir. Yaponiya, Çin, Koreya, Sinqapur, Almaniya, keçmiş sosialist bloku ölkələri və demək olar ki, hamısı investisiya resurslarını, top yüz bankı, maliyyə, sığorta şirkətlərini, investisiya, pensiya fondlarını ölkələrinə cəlb etdilər və inkişafı təmin etdilər. Azərbaycanın öz daxili resursları nisbi mənada bu ölkələrin hamısından çoxdur. Amma tam tərs meyl izlənilir, bütün potensial resurslar maksimum başqa ölkələrə çıxarılır, Azərbaycanda isə nə qədər xarici resurs varsa bunlar da sahiblərinə qaytarılır. Bu minvalla günü-gündən ölkədə pul və investisiya qıtlığı güclənir, faizlər artır, investisiya qıtlığı güclənir, artım dayanır. Bütün inkişaf etmiş ölkələrdə xarici borclar ÜDM-dən qat-qat çoxdur. İkinci və üçüncü qrup ölkələrdə isə xarici borclar ÜDM-nin 5-10%-ni təşkil edir. Bir yalnız Luksemburqun xarici xarici borcları 4 trilyon dollardan çoxdur ki, bu da Azərbaycan daxil bütün müsəlman ölkələrinin xarici borclarından (57 ölkə) çoxdur. Azərbaycanın xaricdə yerləşdirdiyi pulla xarici borcları arasında müsbət fərq 100 milyard dollara yaxındır. Bu resurslar ölkə dövriyyəsindən çıxarılmış, qlobal inflyasiya və qarışıq risklər altında xarici ölkələrin dövriyyəsinə daxil edilmişdir. Bu müsbət fərq sıfıra endirilərsə, böyük investisiya resursları (hazırdakından 10 dəfə çox) cəlb etmək olar ki, bu da yenidən ölkəni iqtisadi artım üzrə dünya liderinə çevirə bilərdi.
Çox xahiş edirəm, gəlin müzakirəyə qoşulaq, bu amilləri bilərək, ləngiməyək. Ölkənin taleyi, dayanıqlı inkişaf qurulması, əbədi müstəqilliyin təmin olunması sizin müzakirələrdən çox asılıdır. Ölkədə sürətli inkişaf üçün bütün şərtlər yaradılmışdır, hərəkət lokomotivi starta hazırlanmışdır, mühərrikin işiə salınması isə sizdən asılıdır.
Dərin hörmətlə,
Saleh Məmmədov, iqtisad elmlər doktoru