ABŞ İsrailin nəzarətində olan Qəzzada qaçqınları yerləşdirmək və "HƏMAS"-ın dəstək bazasını azaltmaq üçün yeni yaşayış məntəqələri yaratmaq planını irəli sürür. Bu, Prezident Trampın vasitəçiliyi ilə atəşkəs müqaviləsində müəyyən edilmiş ayrılma xəttinin şərq tərəfindəki İsrailin nəzarətində olan əraziyə aiddir.
Amerika, İsrail və Ərəb mənbələrinə görə, Amerika mühəndislik qrupları artıq ərazidədir, tikinti hələ başlamasa da, dağıntıları və partlamamış sursatları təmizləyir və tikinti üçün sahələri hazırlayırlar.
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, bu haqda "Wall Street Journal" məlumat yayıb.
Bu addım ABŞ-ın 20 maddəlik sülh planının əsas məqsədlərindən biri olan "HƏMAS"-ın tərksilah edilməsinin və onun hakimiyyətinin ləğv edilməsinin yaxın zamanda gözlənilmədiyinin gizli bir etirafını əks etdirir. Durğunluğun qarşısını almaq və dinamikanı qorumaq üçün amerikalılar oktyabr ayından bəri İsrailin nəzarəti altında olan və Qəzzanın təxminən yarısını əhatə edən "Yaşıl Zona" adlandırdıqları ərazidə "alternativ təhlükəsiz icmalar" yaratmaq planını təbliğ edirlər.
Yeni yaşayış məntəqələri müharibədə evlərini itirən fələstinliləri yerləşdirmək və daha daimi tikinti işləri aparılana qədər onları mənzil, məktəb və xəstəxanalarla təmin etmək üçün nəzərdə tutulub. Model mülki şəxsləri cəlb etmək və onları "HƏMAS"-ın nəzarətdə saxladığı ərazilərdən uzaqlaşdırmaq, bununla da zamanla təsirini azaltmaq məqsədi daşıyır. Atəşkəsdən bəri "HƏMAS"-ın populyarlığının müəyyən dərəcədə artmasına baxmayaraq - "nizam-intizamı bərpa etmək" səyləri və İsrailə müqavimət imici sayəsində - bir çox qəzzalı hələ də onun hakimiyyətindən uzaqlaşmaq istəyir.
Layihənin birinci mərhələsi döyüşlər zamanı demək olar ki, tamamilə məhv edilmiş Rəfahda həyata keçiriləcək. Amerika təşəbbüsü ərəb dünyasında həyəcan yaradır. Donor ölkələr "HƏMAS"-ın nəzarətində olan ərazilərin yenidən qurulmasına investisiya qoymaqdan imtina edir, eyni zamanda İsrailin nəzarətində olan ərazilərdə inkişafı maliyyələşdirməkdən çəkinirlər. Misir fələstinlilərin Rəfahda cəmləşməsinin qəti şəkildə qarşı çıxdığı ssenarinin gerçəkləşməsindən- onların sonradan Sinaya köçürülməsi üçün əsas ola biləcəyindən qorxur.
Yeni yaşayış məntəqələrində təhlükəsizlik xüsusilə mürəkkəbdir. İsrail və bəzi ərəb ölkələri artıq "Yaşıl Zona"da kiçik anklavlar yaratmağa başlayan Fələstin anti-"HƏMAS" milislərindən istifadəni müzakirə edirlər. Lakin Qəzzada bir çoxları onları qeyri-qanuni hesab edir və Qərb mənbələri xəbərdarlıq edir ki, onlar vəziyyəti gərginləşdirə bilərlər. "HƏMAS" özü atəşkəs qüvvəyə mindikdən qısa müddət sonra bir neçə belə qrupu dəf edib məğlub etməyi bacarıb. ABŞ bu cür milislərlə əməkdaşlıq etməyi düşünmədiyini açıq şəkildə bildirib.
Ümumi Amerika planına əsasən, "HƏMAS"-ın nəzarəti altında olan ərazi tamamilə yox olana qədər tədricən azaldılacaq, bundan sonra beynəlxalq təhlükəsizlik qüvvələri və Fələstin polisi nəzarət yeni Fələstin hökumətinə keçənə qədər Amerika "Sülh Şurası"nın mülki nəzarəti altında orada fəaliyyət göstərəcək. "HƏMAS" öz növbəsində silahsızlaşdırmaqdan imtina edir və plana qarşı çıxır, iddia edir ki, bu, Fələstin xalqının siyasi hüquqlarını pozur...
S.Laçın