Banka borcu olan şəxs həbs oluna bilər? 
İqtisadiyyat
172
11:16, Bu gün

Banka borcu olan şəxs həbs oluna bilər? 

 “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti müştərisinə qarşı Göyçay Rayon Məhkəməsində mülki iddia qaldırıb. Belə ki,  bank müştərisi olan Göyçay rayon sakini Azər Bayramovun (ad və soyad şərtidir) 4967 manat kredit borcunun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edib. 
İş üzrə izahat verən borclu bildirib ki, banka olan borcunu ödəməkdən boyun qaçırmır, lakin aylıq qazancı 400 manat civarındadır və maddi imkanı olmadığından borcunu ödəyə bilməyib.
“Azərbaycan Beynəlxalq Bankı”nın nümayəndəsi isə qeyd edib ki, Göyçay rayon Notariat ofisi tərəfindən verilmiş icra qeydinə əsasən borclu olan şəxs ümumilikdə 4967 manat 32 qəpik borcundan aylıq çox az məbləğlərin ödənilməsi, yəni 15-20 manat ödəmək istəməsi bankı qane etmir. Nümayəndə Azər Bayramov barəsində qanuni tədbirlər görülməsini xahiş edib.
Göyçay Rayon Məhkəməsinin qərarı ilə banka borclu olan şəxs məhkəmə qətnaməsini icra etməkdən yayındığı üçün 8 gün müddətinə inzibati qaydada həbs edilib. 
 
Kredit borcunu ödəyə bilməyən şəxs qanunla həbs oluna bilərmi?
Moderator.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, kredit borcuna görə hər hansı vətəndaşın həbs olunması tamamilə qanunsuzdur:
 
“Hüquqi baxımdan vətəndaş yalnız başqa məhkəmə qərarını icra etməkdən qəsdən yayınarsa, həbs oluna bilər. Lakin borca görə — istər fiziki şəxslərə, istər banklara olan öhdəliklərə görə — həbs qəti qadağandır. Bəzi dövlət qurumları və hüquqşünaslar bunu “məhkəmə qərarının icra olunmaması” kontekstində izah edirlər. Bu yanaşma isə tamamilə yanlışdır və absurd hesab olunur. Çünki bu münasibətlərin kökündə həmin məhkəmə qərarının əsasını vətəndaşın banka olan borcu təşkil edir. Borca görə isə həbs olunma qadağandır. 
Belə ki, Azərbaycan Respublikası Avropa İnsan Haqları Konvensiyasının 4 saylı Protokolunu ratifikasiya edib. Dörd saylı protokolun birinci maddəsində yazılır ki, heç kəs borca görə həbs oluna bilməz. Bir halda ki, Azərbaycan dövləti bu protokolu ratifikasiya etmişdir buradan da çıxış edərək vətəndaşın borca görə həbs olunmasının qadağan olunmasını söyləyə bilərik. Borc mülki hüquqi münasibətdən yaranır və mülki münasibətlərdə inzibati və ya cinayət xarakterli cəzaların tətbiqi yolverilməzdir”.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər