“Vətəndaşımızın əmək haqqı 1000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır”
İqtisadiyyat
161
12:52, Bu gün

“Vətəndaşımızın əmək haqqı 1000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır”

“Bu il özəl sektorda əmək haqqı ilə bağlı güzəşt müddəti başa çatıb və növbəti ildən özəl sektorda çalışan vətəndaşların - 2500 manata qədər maaş alan - əmək haqqından üç faiz vergi hesablanacaq”.
 
Moderator.az bildirir ki, bunu deputat Vüqar Bayramov parlamentdəki çıxışında deyib.
 
Əlavə edib ki, həm dövlət, həm də özəl sektorda 200 manatadək olan gəlir vergi hesablanan zaman azaldılır:
 
“Əgər özəl sektorda çalışan vətəndaşımızın əmək haqqı 1000 manatdırsa, həmin məbləğdən 200 manat çıxılır, qalan 800 manat üç faiz vergiyə cəlb olunur. Yəni 24 manat vergi hesablanır. Bu, müəyyən xərc yaratsa da, ciddi izafi xərc yaratmadığı üçün həmin xərclərin sahibkarlar tərəfindən maaş artımlarına gedilərək kompensasiya edilməsi də mümkündür.
 
Mərhələli yumşaq keçid biznes bu mexanizmə hazır olmasına imkan yaradacaq. Əksər dövlətlərdə minimum əmək haqqının gəlir vergisindən azad olunduğunu nəzərə alaraq oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunması sosial təminat baxımdan da məqsədəuyğundur. Bu zaman hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşə bilər. Həmin vətəndaşlarımızın maaşları yüksək olmadığı üçün əmək haqlarının vergiyə cəlb olunması arzuolunan deyil.
 
Bu baxımdan, həm dövlət, həm özəl sektorda minimum əmək haqqı alan vətəndaşlarımızın maaşlarının vergidən azad olunmasını təklif edirik”.
 
Vüqar Bayramov bildirib ki, həm dövlət, həm özəl sektorda vergidən azad olunan məbləğin minimum əmək haqqı ilə əlaqələndirilməsi nisbətən az maaş alan vətəndaşlarımızın da gəlirlərini artıra bilər:
 
“Belə ki, bu halda gəlir vergisi hesablanan vergidən azad olunan məbləğ 200 manat deyil, 400 manat ola bilər ki, bu da birbaşa maaşlara təsir göstərəcək. Bu o deməkdir ki, bu halda 2500 manatadək əmək haqqı alan vətəndaşlarımızın maaşlarında artım qeydə alına bilər.
 
Uzun müddətdir ki, dövlət sektorunda gəlir vergisi intervelları dəyişmir və iqtisadiyyatın inkişafına uyğun olaraq 2500 manatlıq həddin 4 min manatadək qaytarılması məqsədəuyğun olardı. Bu, dövlət sektorunda da əmək haqqı artımına gətirib çıxarar”.
Link kopyalandı!
Son xəbərlər