Cari ilin ilk 9 ayında Prezident təqaüdü və fəxri adlara görə təqaüd alanların ümumi sayı 401 min 677 nəfər olub və bir nəfərə düşən ortaaylıq məbləğ 164.67 manat təşkil edib.
Moderator.az rəsmi statistikaya istinadən xəbər verir ki, fəxri adlara görə təqaüd alan 4 min 701 nəfərin ödənişi orta hesabla 205.17 manat olub. Bunun 243 nəfəri "Xalq" fəxri adına görə ayda 300 manat, 4 min 458 nəfəri isə "Əməkdar" fəxri adına görə 200 manat alır.
Fərdi təqaüd alan 320 nəfərə ayda 1 700 manat, şəhid ailəsindən olan 17 min 854 nəfərə isə ayda 449.47 manat ödənilir. "Vətən Müharibəsi Qəhrəmanı" adını almış şəxslər və ailə üzvləri üzrə 174 nəfərə 1 085.25 manat, "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təqaüd alan 174 nəfərə isə 1 723.37 manat ödənilir.
20 Yanvar şəhidlərinin ailələri üçün 82 nəfərə ayda 635.98 manat, 1941-1945-ci illər müharibə iştirakçılarından 9 nəfərə 330 manat, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan 220 nəfərə isə 468.64 manat verilir.
Müharibə ilə əlaqədar əlilliyi olan 19 min 356 nəfər ayda 476 manat, müharibə veteranı olan 182 min 204 nəfər isə ayda 80 manat təqaüd alır. Ümumi səbəblərdən əlilliyi müəyyən edilmiş 55 min 968 nəfərə 250 manat, gözdən əlilliyi müəyyən edilmiş 14 min 375 nəfərə isə 350 manat ödənilir. Əlilliyi olan şəxslərə qulluq edən 61 min 473 nəfərə və əlilliyi olan uşaqlara qulluq edən 42 min 874 nəfərə ayda 120 manat təqaüd verilir.
Elmi dərəcəsi olub işləməyən və əmək pensiyası hüququ olan 1 min 864 nəfər elmlə məşğul olan pensionerə isə ayda orta hesabla 326.72 manat ödənilir; bunlardan 249 nəfəri elmlər doktoru olaraq 500 manat, 1 615 nəfəri isə fəlsəfə doktoru olaraq 300 manat təqaüd alır.
2025-ci ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9.4 faiz artırılaraq 5 milyard 453 milyon 100 min manata çatdırılıb. Bu vəsaitin 97.7 faizi pensiya xərclərinin ödənilməsinə sərf olunub.
2025-ci il oktyabrın 1-nə olan vəziyyətə Dövlət Sosial Müdafiə Fondunun uçotunda 1 milyon 100 min nəfər pensiyaçı olub ki, bu da ölkə əhalisinin 10.7 faizinə bərabərdir. Pensiyaçıların 64.8 faizi yaşa, 22.9 faizi əlilliyə, 12.3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Təyin olunmuş pensiyaların ortaaylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9.4 faiz, cari ilin əvvəlinə nisbətən isə 8.8 faiz artaraq 540.2 manata çatıb və bu məbləğ ortaaylıq əməkhaqqının 49.7 faizinə uyğun olub.
Prezidentin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, 1 yanvar 2025-ci ildən əmək pensiyaları ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılıb. "Əmək pensiyaları haqqında" Qanunda edilmiş dəyişikliklə əmək pensiyasının minimum məbləği 14.3 faiz artırılıb və 1 fevral 2025-ci ildən 320 manat müəyyən edilib.
Bununla yanaşı, müxtəlif kateqoriyalardan olan şəxslərə müavinətlər də təyin olunub. 2025-ci il oktyabrın 1-nə olan məlumata görə, 164 min 800 nəfər yaşa görə, 221 min 200 nəfər əlilliyə görə (o cümlədən 43 min nəfəri əlilliyi olan uşaq), təxminən 50 min (49 959) nəfər ailə başçısını itirdiyinə görə müavinət alıb. Digər müavinət növləri üzrə isə 22 min 900 nəfər qeydiyyatda olub.
Şəhid ailələrinin, müharibə və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində zərərçəkmişlərin və digər kateqoriyaların 4 min ailəsinə 5 min 800 uşağa görə, həmçinin valideynlərini itirmiş uşaqların 167 qəyyumuna aylıq müavinət verilib. Bundan əlavə, bir yaşadək uşağı olan aztəminatlı ailələrdən 3 min 66 ailəyə 3 min 174 uşaq üçün, beşdən çox uşağı olan 2 min 800 qadına 12 min 800 uşaq üçün, həmçinin əmək xəsarəti və peşə xəstəliyi nəticəsində zərərçəkən 282 nəfərə müavinət ödənilib.
2025-ci ilin 9 ayında məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 28 min 700 ailəyə yeni doğulan 29 min 900 uşaq üçün, 3 min 700 nəfərə radiasiya zərəri səbəbi ilə müalicə üçün, 5 min 200 nəfərə dəfn üçün, cəzaçəkmə müəssisələrindən azad olunmuş 4 min 600 nəfərə isə birdəfəlik müavinətlər verilib.
Prezidentin 12 iyun 2025-ci il tarixli Fərmanı ilə 1 iyul 2025-ci ildən sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılıb.
2025-ci il oktyabrın 1-nə olan məlumata görə, 75 min 300 aztəminatlı ailənin 331 min 500 üzvü ünvanlı dövlət sosial yardımı alıb və yardımların bir nəfərə düşən ortaaylıq məbləği 97.96 manat təşkil edib.
2025-ci il oktyabrın 1-i vəziyyətinə aylıq sosial müavinət və kompensasiya alanların ümumi sayı 458 min 874 nəfər olub və bir nəfərə düşən ortaaylıq məbləğ 209.46 manat təşkil edib. Yaşa görə müavinət alan 164 min 778 nəfərin ortaaylıq ödənişi 220 manat, əlilliyə görə müavinət alan 221 min 239 nəfərin ödənişi isə orta hesabla 227.08 manat olub. Əlilliyi olan 18 yaşdan yuxarı şəxslər üçün bu məbləğ 227.61 manat, əlilliyi olan uşaqlar üçün isə 224.87 manat təşkil edib. Ailə başçısını itirməyə görə müavinət alan 49 min 959 nəfərə ayda 140 manat ödənilib.
Dövlət qulluqçularına verilən aylıq müavinətlər 26 nəfər üzrə orta hesabla 57.53 manat, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığını itirən və ya həlak olan işçilərin ailə üzvlərinə verilən müavinətlər isə 538 nəfər üzrə 244.86 manat olub. Bəzi kateqoriyalara aid uşaqlara 5 min 323 nəfər üçün 16.59 manat, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına 489 nəfər üçün 140 manat ödənilib. Bir yaşadək uşağı olan aztəminatlı ailələrdən 3 min 174 uşağa və beşdən çox uşağı olan 12 min 813 uşağa ayda 140 manat müavinət verilib. Valideynlərini itirmiş uşaqların 167 qəyyumuna ayda 140 manat, övladlığa götürülən 40 uşağa ayda 267 manat, himayədar ailələrə verilmiş 46 uşağın tərbiyəsi üçün ayda 374.89 manat ödənilib. Əmək xəsarəti və peşə xəstəliyi nəticəsində zərərçəkən 282 nəfərə ayda 189.48 manat kompensasiya verilib.
2025-ci ilin ilk 9 ayında təyin olunan birdəfəlik sosial müavinətlərin ümumi sayı 44 min 409 nəfər olub. Yeni doğulan uşaqlara görə 28 min 726 ailəyə, ümumilikdə 29 min 884 uşağa birdəfəlik 507.03 manat ödənilib. Radiasiya qəzasından zərərçəkmiş 3 min 658 nəfər müalicə üçün 300 manat, dəfn üçün verilən müavinətlər isə 5 min 244 nəfərə 523.99 manat məbləğində olub. Həbsxanadan azad edilən 4 min 636 nəfərə 1 568.21 manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət 158 nəfərə verilib ki, bir nəfərə düşən müavinətin orta məbləği 4 813.3 manat təşkil edib. Himayədar ailələrdə olan 49 uşağa mövsümi geyim üçün 200 manat, işğaldan azad edilmiş ərazilərdə işləyən 780 mütəxəssisə isə ilkin məişət şəraitinin təminatı üçün 600 manat ödənilib.