“Növbəti seçkilərə yalnız 300 manatla bir ay dolana bilən deputatlığa namizədlər buraxılsın...”
İqtisadiyyat
275
11:01, Bu gün

“Növbəti seçkilərə yalnız 300 manatla bir ay dolana bilən deputatlığa namizədlər buraxılsın...”

“Ümid edirəm ki, hörmətli deputatlar(!) Azər Əmiraslanov, Musa Quliyev və Vüqar Bayramov da bu təklifimə etiraz etməzlər...”
 
“Eyni proseduru, yəni bir ay müddətində 300 AZN-lə yaşamaq sınağını məmur olmaq üçün dövlət qulluğuna imtahanlara da əlavə etsək, əla olar...”
 
Xəbər verildiyi kimi, Milli(!) Məclisin dünən keçirilən iclasında 2026-cı il üçün yaşayış minimumunun məbləği ölkə üzrə 285 manatdan 300 manata, əmək qabiliyyətli əhali üçün 305 manatdan 317 manata, pensiyaçılar üçün 232 manatdan 245 manata, uşaqlar üçün 246 manatdan 260 manata yüksəldilməsini ehtiva eedən  “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. Layihəni iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov  təqdim edib. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb. Müzakirələrdə çıxış edən deputat Vüqar Bayramovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib...
 
Nə deyirik, belə olsun. Deyir, deputat, yaxud məmur verən atın dişinə baxmazlar...
 
Amma bu fəqir bəndəniz də bir vətəndaş, bir seçici olaraq belə bir təklif irəli sürür:
 
İnşallah, Milli(!) Məclisə gələn  seçkilərdə deputatlığa namizədlərin irəli sürülməsi prosedurunda ciddi dəyişiklik edilsin: hansı namizəd( ocümlədən indiki deputatlar arasında yenidən namizədliyini irəli sürənlər) bir ay müddətində evində oturub 300 Azərbaycan manatı hesabına dolana bilsə, onun namizədliyi heç bir seçici imzalarına-filana ehtiyac olmadan təsdiqlənsin... 
 
Belə ki, deputatlığa namizəd evində təkbaşına xüsusi ayrılmış bir standart mənzildə(şəhərlərə aid dairələrdə bina, kəndlərə aid dairələrdə həyət evi) oturur. Bu müddətdə o, heç kəsin – ata-anasının, övladlarının, qardaş-bacılarının, qohum-əqrəbalarının və s. heç bir maddi, fiziki köməyi olmadan, həmçinin həyət evlərində, yaxud bina eyvanlarında heç bir meyvə, tərəvəz, toyuq-cücə saxlamadan yaşamalıdır. Namizəd yalnız xüsusi nəzarət altında dükana, bazara və ya özü istədikdə toy, nişan, ad günü, yaxud yas mərasimlərinə, özünü müayinə etdirmək məqsədilə xəstəxanaya, həmçinin  xəstəxanada və ya başqa evdə xəstə ziyarətinə gedib-gələ bilər. Kimdənsə yardım, iş istəmək məqsədilə isə mənzildən bayıra bir addım da ata bilməz... 
 
Namizədlərin bir aylıq yaşayış minimumu məbləğ hesabına bu qaydada yaşayışına nəzarət etmək üçün MSK-nın müvafiq dairəsindən bir, rayon polis idarəsindən iki nəfər, icra hakimiyyətindən bir nəfər, bələdiyyədən bir nəfər, seçicilər arasından 5 nəfər  daxil olmaqla xüsusi nəzarət komissiyası yaradılmalıdır.  Və təbii ki, mənzilə həm daxildən, həm həyətdən, həm də küçədən ciddi videokamera nəzarəti də həyata keçirilməlidir...
 
Sözün kəsəsi, verilən cəmi 300 AZN məbləğ və qoyulan şərtlər müqabilində hansı namizəd bir ay müddətində hansısa dövlət, hökumət qurumuna, yaxud beynəlxalq təşkilata və ya xarici ölkə səfirliyinə şikayət etmədən, ciddi xəstəliyə mübtəla olmadan yaşaya bilsə, öncə dediyimiz kimi, onun Milli Məclis üzvlüyünə namizədliyi şəxsiyyət vəsiqəsi, ali təhsil barədə diplomu və var-dövləti haqda deklarasiya istisna olmaqla, heç bir imza-filan tələb olunmadan təsdiqlənməlidir. Bundan sonra həmin namizəd parlament seçkilərində(təbii ki, demokratik(!), şəffaf(!))  iştirak edə və seçicilərin səs çoxluğunu qazanacağı təqdirdə deputat ola bilər...
 
Yalnız deyilən qayda ilə irəli sürülən namizədlər xalqın dərdini canı-dildən anlayıb  dərk edə və seçicilərinə əsil mənada canı yana  bilər...
 
Eyni proseduru, yəni bir ay müddətində 300 AZN-lə yaşamaq, dolanmaq sınağını məmur olmaq üçün dövlət qulluğuna imtahanlara da əlavə etsək, əla olar... Bu cür sınaqdan keçərək işə qəbul edilən məmurlar da yoxsul, işsiz xalqın nələr yaşadığını, hansı acılar, dərdlər çəkdiyini anlaya və ədalət mühakiməsinə, vicdan, insaf, mərhəmət hissinə malik ola bilər...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər