Azərbaycanda qoyun və keçilərin sayı kəskin azalıb. 2025-ci il oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 438.8min baş, xirdabuynuzlu heyvanların sayı isə 6milyon 763.7 min baş təşkil edib. Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin oktyabr ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 2% və ya 50.5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 3.5% və ya 242 min baş azalıb. Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Sabirabad (121 878 baş), Bərdə ( 108031baş) və Cəlilabad ( 92 499 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 278178 baş), İmişli ( 252 482 baş), Quba ( 241 574 baş) rayonlarındadır.
Bəs azalmaya səbəb nədir? Ölkədə qoyunların sayının kəskin azalması yenidən ətin qiymətində bahalaşmaya səbəb olacaq?
Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abbasbəyli bildirib ki, xırdabuynuzlu maldarlıq təsərrüfatlarının həcminin azalması əsasən örüş sahələrinin məhdudlaşdırılması ilə bağlıdır:
“Xırdabuynuzlu maldarlıq təsərrüfatları üçün birinci şərt geniş otlaq sahələrinin olmasıdır. Təəssüf ki, son illərdə Azərbaycanda örüş və otlaq ərazilərinin əkin sahəsi kimi istifadə olunması faktları artıb. Bir sıra bölgələrdə kütləvi şəkildə örüş sahələrinin təyinatı dəyişdirilərək əkin sahəsinə çevrilməsi halları müşahidə olunur. Yerli fermerlər ən çox məhz otlaq sahələrinin çatışmazlığından şikayət edirlər. Bunun nəticəsində isə regionlarda qoyun təsərrüfatlarının kiçilməsi və heyvan sayının azalması baş verir.
Digər mühüm faktor isə daxildə qoyun yununa tələbat yaradan istehsal müəssisələrinin olmamasıdır. Bu səbəbdən yun demək olar ki, dəyərsiz məhsul kimi kənara atılır və ya çox ucuz qiymətə alınır. İxracla bağlı stimullaşdırıcı proqramların həyata keçirilməməsi də vəziyyəti ağırlaşdırır. Dövlət tərəfindən yun ixracını təşviq edən hər hansı dəstək mexanizmləri yoxdur”.
İqtisadçı qoyunçuluq təsərrüfatlarının saxlanması üçün yem təminatının da aşağı səviyyədə olmasına diqqət çəkib:
“Xüsusilə arpa, buğda, qarğıdalı və digər yem məhsullarının tədarükünün azalması ümumi yem təminatını zəiflədib. Bu isə birbaşa olaraq qoyunçuluq təsərrüfatlarının kiçilməsinə və sayının azalmasına səbəb olur. Azərbaycanın qoyun əti təminatında idxaldan asılılığı artdıqca qiymət artımı riskləri də yüksəlir. Çünki xarici valyuta ilə alınan hər bir məhsulun dəyəri dünya bazarlarındakı ən cüzi dəyişikliklərə belə həssasdır. Bu proses həm daxili bazarda, həm də milli valyutamızda təzyiq yaradır. Regionlarda yerli qoyunçuluq təsərrüfatlarının azalması və daxili tələbatın yerli imkanlar hesabına ödənilə bilməməsi idxaldan asılılığı daha da artırır ki, bu da daim bahalaşma təhdidi formalaşdırır.”
Ekspert sonda əlavə edib ki, qiymətlərin nə zaman və nə qədər artacağı birbaşa dünya bazarlarındakı vəziyyətdən asılı olacaq:
“Daxildə tədarükün aşağı olması və idxaldan asılılığın artması fonunda bahalaşma təhlükəsi hər zaman mövcuddur. Bu təsirlərin nəticəsində bazarda psixoloji qiymət artımı prosesi də başlayır. Yəni qiymətlərin bahalaşması tamamilə gözlənilən haldır. Ona görə də qiymətlərin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyini proqnozlaşdırmaq mümkündür”.
Mehin Mehmanqızı