Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Azərbaycanda olduğu kimi, dünyada da nağdsız ödənişlərin sürətli artımı müşahidə olunur. Lakin müxtəlif ölkələr bu keçidə fərqli templə və strategiyalarla yanaşır, nəticədə "Nağdsız Cəmiyyət"ə (Cashless Society) doğru fərqli modellər formalaşır. İsveç və Norveç nağdsız ödənişlərə keçid baxımından ən qabaqcıl ölkələrdir. İsveçdə demək olar ki, əməliyyatların 80%-dən çoxu nağdsız həyata keçirilir. Bəzi mağazalar və bank şöbələri ümumiyyətlə nağd pul qəbul etmir. İsveç nağd pulu tamamilə aradan qaldıra biləcək ilk ölkədir, lakin bu, yaşlılar və kənd yerlərində yaşayanlar üçün bəzi problemlər yaratdığı üçün dövlət tərəfindən tənzimlənir. Norveçdə də çox az sayda insan nağd puldan istifadə edir. Banklar nağd pul xidmətlərini azaltmağa davam edir.
Çin və Hindistanda kağız pullar hələ də geniş yayılmış olsa da, mobil ödənişlərin kəskin artımı müşahidə olunur. Çində “Alipay” və “WeChat Pay” kimi mobil tətbiqlər gündəlik əməliyyatların demək olar ki, hamısını əhatə edir. Hətta küçə satıcıları və taksilər də mobil ödənişləri qəbul edir. Çin nağdsız ödənişlərə birbaşa mobil platformalar vasitəsilə sıçrayış edərək bank kartı infrastrukturunu adlayıb. Hindistan 2016-cı ildəki denominasiya (pul islahatı) nağdsız ödənişlərə təkan verdi. UPI (Unified Payments Interface) kimi dövlət tərəfindən dəstəklənən sistemlər mobil pul köçürmələrini asanlaşdıraraq rəqəmsal iqtisadiyyatın inkişafına böyük töhfə verib.
Lakin bəzi inkişaf etmiş iqtisadiyyatlar hələ də nağd pula güclü şəkildə bağlıdır. Almaniyada təhlükəsizlik və məxfilik narahatlıqlarına görə nağd ödənişlərə olan etibar yüksək olaraq qalır. Bir çox kiçik müəssisələr hələ də kartları qəbul etməyə meylli deyil. Yaponiyada ənənəyə və kiçik, dəqiq əməliyyatlar üçün nağd pulun rahatlığına görə nağd puldan istifadə nisbəti yüksəkdir. Bununla belə, son illərdə rəqəmsal ödənişlərin populyarlığı artır.
Məlumata görə, Azərbaycanda kartlarla ödənişlər 30% artıb. 2025-ci ilin 9 ayı ərzində ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının həcmi isə 72,2 mlrd. manat təşkil edib. Bu da ötən ilin 3-cü rübünə nisbətə 29,1% çoxdur. Bu sürətli artım nağdsız ödənişlərin ümumi ödənişlərdəki payını da 4 faiz bəndi yüksəldərək 67.4%-ə çatdırıb.
Bəs Azərbaycanda nağdsız ödənişlərin artması kağız pulu tamamilə dövriyyədən çıxara bilər?
Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, nağdsız ödənişlərin genişlənməsi nağd hesablaşmaların əhəmiyyətini azaldacaq:
“Amma bu, kağız pulun tamamilə sıradan çıxması demək deyil. Yaxın 5–10 il ərzində nağd pullar dövriyyədə qalmağa davam edəcək, sadəcə payı və rolu tədricən azalacaq. Nağd pulun tam dövriyyədən çıxması hazırda real görünmür, lakin ona olan zərurət zamanla daha da aşağı düşəcək. Pulun tam sıradan çıxması üçün iqtisadiyyatın tam şəffaflaşması vacibdir. Ölkə iqtisadiyyatı qeyri-şəffaf olduğundan, nağd pula ehtiyac qalacaq”.
Mehin Mehmanqızı