Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, dünyanın 100-ə yaxın ölkəsində qeyd olunan bu qlobal təşəbbüs keyfiyyət mədəniyyətinin inkişafına, innovativ idarəetmə təcrübələrinin yayılmasına və təşkilatlarda mükəmməllik düşüncəsinin gücləndirilməsinə xidmət edir.
Bu il "Fərqli düşün" devizi altında keçirilən tədbir SOCAR-da da müasir yanaşmaların təşviqi, dayanıqlı keyfiyyət idarəetmə sistemlərinin təkmilləşdirilməsi və əməkdaşlar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.
SOCAR-ın vitse-prezidenti Fuad Musayevin açılış nitqi ilə başlayan tədbir çərçivəsində mövzuya dair təqdimatlar və panel müzakirəsi keçirilib.
Tədbirdə SOCAR-ın son illərdə keyfiyyət sahəsində əldə etdiyi nailiyyətlər, həyata keçirilən layihələr və qarşıdakı illər üçün hədəflər barədə məlumatlar verilib. Şirkətdə aparılan rəqəmsal transformasiya, proseslərin standartlaşdırılması və risk əsaslı yanaşmanın gücləndirilməsi istiqamətində görülən işlər geniş auditoriyaya çatdırılıb.
Panel müzakirələrində "Fərqli düşünməklə dayanıqlı keyfiyyət mədəniyyəti qurmaq" mövzusu üzrə SOCAR-ın Baş ofisi, SOCAR Türkiyə, Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Standartlaşdırma İnstitutundan nümayəndələrinin çıxışları dinlənilib. Çıxış edən mütəxəssislər keyfiyyət funksiyasının şirkət daxilində strateji rolunu vurğulayaraq, dəyişən əməliyyat mühitinə uyğunlaşma və proaktiv idarəetmənin əhəmiyyətini vurğulayıblar.
Tədbirin ikinci hissəsində isə SOCAR-ın sahə üzrə mütəxəssisləri arasında "Enerji tariximiz" adlı müsabiqə təşkil edilib.
Tədbir əməkdaşlar arasında keyfiyyət mədəniyyətinin daha da gücləndirilməsinə, mükəmməllik yönümlü fikir mübadiləsinə və şirkətin strateji məqsədlərinə uyğun tətbiqlərin dəstəklənməsinə töhfə verib.