Bizi sosial şəbəkələrdən izləyin:
Əmlak bazarında qiymətlər gündən-günə artır. Hazırda rayonlarda da qiymətlər nəzərəçarpacaq dərəcədə qalxıb. Bəs bölgələrdə bahalaşmanın səbəbi nədir?
Əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Moderator.az-a açıqlamasında bildirib ki, 2018-ci ildən etibarən Bakı və ətraf qəsəbələrdə əmlak bazarında hər il orta hesabla 13–18 faiz qiymət artımı müşahidə olunur.
Onun sözlərinə görə, əmlak bazarında tələbin təklifi üstələməsi prosesi qiymətlərin sürətlə bahalaşmasına səbəb olur:
"Alıcıların sayı satıcılardan çox olduqda qiymətlər qaçılmaz şəkildə artır. Bakı və ətraf ərazilərdə baş verən bu artım isə bilavasitə rayonlara da təsir edir. Rayonlarda qiymət artımı Bakıyla müqayisədə daha aşağı olsa da, son illər orada da bahalaşma nəzərə çarpır. Rayonlarda əvvəlki illərdə artım çox zəif olsa da, son 2–3 ildə təqribən 3–5 faizlik yüksəliş qeydə alınır. Rayonlarda tələbat Bakıla müqayisədə xeyli aşağıdır. Bununla belə, Bakı ətrafında qiymətlər sürətlə yüksəldiyi üçün bu proses istər-istəməz bölgələrə də təsir göstərir. Digər bir amil isə insanların səs-küydən uzaq, istirahət üçün əlverişli ərazilərə marağının artmasıdır. Son illərdə yay istirahətini rayonlarda keçirmək istəyənlərin sayı çoxalıb, bu da torpaq və evlərə tələbi müəyyən qədər artırır”.
Anar Nəsirov əlavə edib ki, ümumi iqtisadi vəziyyət, yəni bütün sahələrdə qiymətlərin artması da əmlak bazarına təsirsiz ötüşmür:
"İynədən sapa hər şeyin bahalaşdığı bir dövrdə torpaq və mənzillərin qiymətinin stabil qalması mümkün deyil. Ümumi inflyasiya fonunda rayonlarda da qiymət artımı baş verir, amma bu, daha çox Bakıda müşahidə olunan bahalaşmanın dolayısı təsiridir. Bakıda illik artım 18 faizə qədər yüksəldiyi halda, rayonlarda bu göstərici əsasən birrəqəmli olur — 3, 5, maksimum 6 faiz. Buradakı bahalaşma əsasən tələb artımından deyil, ümumi bazar dinamikasından və paytaxtdakı qiymətlərin bölgələrə təsirindən qaynaqlanır”.
Mehin Mehmanqızı