Bizi sosial şəbəkələrdən izləyin:
Son dövrlərdə bank kartlarından pulların oğurlanması hallarında artım müşahidə olunur. Kiberdələduzluq halları insanların maliyyə təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu səbəbdən bir çox insan kartlarında yüksək məbləğdə pul saxlamaqdan çəkinir. Bu vəziyyət bank hesablarındakı vəsaitin qorunması məsələsini gündəmə gətirir. Kart hesablarında olan pulları necə qorumaq olar? Yəni hesabda olan vəsaitləri sığortalamaq olarmı?
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov Moderator.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda kiber risklərə qarşı sığorta Azərbaycanda yalnız “Meqa Sığorta” şirkəti tərəfindən təklif olunur.
Onun sözlərinə görə, bu növ sığorta müasir dövrdə baş verən müxtəlif kibertəhlükələrə qarşı təminat verir:
“Buraya şirkətlərin saytlarına və sosial şəbəkə hesablarına edilən hücumlar, nəticədə parolların ələ keçirilməsi və ya dəyişdirilməsi, səhifələrin sındırılması, saytların bloklanması və ya tam ələ keçirilməsi kimi hallar daxildir. Bundan əlavə, işçilərin səhvi ucbatından baş verən texniki xətalar, proqram təminatının zədələnməsi, eləcə də üçüncü şəxslər qarşısında yaranan məsuliyyət riskləri də bu sığortanın əhatəsinə daxil olur”.
Ekspert qeyd edib ki, hazırda bu məhsul ilkin mərhələdə yalnız korporativ müştərilərə təqdim edilir:
“Yeni məhsul olduğu üçün araşdırılır, məlumatlar toplanır və gələcəkdə digər risklər təminat altına alınacaq. Ölkədə bank kartlarına yönələn kiberhücumlar artmasına baxmayaraq, bu kimi hallar risk olaraq təminata daxil edilmir. Dünya təcrübəsi öyrənildikcə və tətbiq sahəsi genişləndikcə, növbəti mərhələlərdə bu risklərin də sığorta təminatına salınacağı gözlənilir”.
Mehin Mehmanqızı