Mərkəzi Bank Beynəlxalq Valyuta Fondunun regional tədbirində təmsil olunub
İqtisadiyyat
165
15:25, Bu gün

Mərkəzi Bank Beynəlxalq Valyuta Fondunun regional tədbirində təmsil olunub

Mərkəzi Bankın sədr müavini Əli Əhmədov və Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Beynəlxalq Valyuta Fondunun Qafqaz, Orta Asiya və Monqolustan üzrə Regional İnkişaf Mərkəzi tərəfindən təşkil olunan tədbirdə iştirak ediblər.
 
Moderator.az AMB-yə istinadən xəbər verir ki, noyabrın 10-12-də İsveçrənin Sürix şəhərində keçirilən tədbir “Dəyişkən dünyada mərkəzi bank idarəçiliyi və siyasət çərçivələri” mövzusuna həsr olunub. İsveçrə Milli Bankı və Almaniya Federal Bankının dəstəyi ilə təşkil olunan tədbirdə müxtəlif ölkələrin mərkəzi banklarının rəhbər şəxsləri iştirak ediblər.
 
Mərkəzi Bankın sədr müavini Əli Əhmədov tədbirdə açılış nitqi ilə çıxış edən spikerlərdən biri olub. O, son illərdə Mərkəzi Bankın pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, eləcə də bu tədbirlərin makroiqtisadi sabitliyin təmin olunması və yerli maliyyə bazarlarının inkişafındakı rolu haqqında fikirlərini bölüşüb. Əli Əhmədov Mərkəzi Bankın gələcəkdə də siyasət qərarlarının real sektora ötürülməsinin daha da təkmilləşdirilməsi üçün analitik imkanların genişləndirilməsində qərarlı olduğunu bildirib. O, pul bazarı əməliyyatlarının modernləşdirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi istiqamətində təşəbbüslərin davam etdiriləcəyini qeyd edib.
 
Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov isə “Azərbaycanın pul siyasəti kommunikasiyası” mövzusunda təqdimatla çıxış edib. O, tətbiq olunan kommunikasiyanın hədəf qrupları üzrə vasitələri və kanalları, həmçinin kommunikasiya fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi istiqamətində Mərkəzi Bankın təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. Azər Ələsgərov son illərdə Mərkəzi Bank tərəfindən informasiya açıqlığının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb.
 
Qeyd edək ki, tədbir mərkəzi bankçılıqda idarəetmə, pul siyasəti qərarlarının qəbulu və tətbiqi üzrə ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də potensialın artırılması, kommunikasiya və şəffaflıq məsələlərinin müzakirəsi üçün səmərəli regional platforma rolunu oynayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər