İqtisadiyyat
237
12:20, Bu gün

"S&P" SOCAR-ın kredit reytinqini "BB" səviyyəsinə yüksəldib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli kredit reytinqi "BB-" səviyyəsindən "BB" səviyyəsinə yüksəlib, şirkətin maliyyə siyasətinin şəffaflığında və məlumatların açıqlanmasında əhəmiyyətli yaxşılaşma qeydə alınıb. Reytinq proqnozu "sabit"dir.
 
Moderator.az xəbər verir ki, "S&P Global Ratings" Beynəlxalq Reytinq Agentliyinin məlumatında belə deyilir.
 
Bildirilir ki, son aylarda SOCAR məlumatların açıqlanması və reytinq təşkilatları ilə kommunikasiyada əhəmiyyətli irəliləyiş nümayiş etdirib ki, bu da şirkətin fəaliyyət göstəricilərinin daha da yaxşılaşmasına təsir göstərib.
 
"S&P" SOCAR-ın fərdi kredit profili qiymətləndirməsini (SACP) "B"dən "BB-" səviyyəsinə yüksəldib ki, bu da öz növbəsində şirkətin ümumi reytinqi və onun yüksək təminatsız borc öhdəlikləri üzrə reytinqinin yenidən nəzərdən keçirilməsinə əsas yaradıb.
 
Agentliyin fikrincə, sabit proqnoz SOCAR-ın əhəmiyyətli nağd ehtiyatlara əsaslanaraq, idarə olunan likvidlik səviyyəsini qoruyacağı, əməliyyat fəaliyyətindən əldə olunan vəsaitlərin (FFO) borca nisbətinin 12%-dən yuxarı qalacağı, sabit əməliyyat nəticələrini təmin edəcəyi gözləntilərini ehtiva edir. Eyni zamanda, şirkətə dövlət dəstəyi səviyyəsinin qiymətləndirilməsi dəyişməz qalır.
 
"S&P Global Ratings"in hesablamalarına görə, SOCAR-ın maliyyə göstəriciləri yaxın illərdə nisbi sabitliyini qoruyacaq.
 
Eyni zamanda, "S&P"nin proqnozlarına görə, əməliyyat fəaliyyətindən əldə edilən pul axınları (FFO) vergi yükünün azalması və faiz xərclərinin cüzi azalması sayəsində ümumiyyətlə sabit qalacaq. Bu, SOCAR-a FFO-nun borca nisbətini agentliyin baza ssenarisində 12-15% diapazonunda saxlamağa imkan verəcək.
 
"S&P" qeyd edir ki, bu proqnoz kapital xərclərinin (Capex) ildə təxminən 3 milyard manata qədər artmasını nəzərə alır ki, bu da hasilat layihələrinə potensial investisiyaları, eləcə də sabit dividend ödənişləri səviyyəsinin saxlanılmasını əks etdirir.
 
Agentliyin hesablamalarından belə bəlli olur ki, "S&P Global Ratings" metodologiyasına əsasən, SOCAR-ın düzəliş edilmiş borc göstəricisi yüksək səviyyədə - təxminən 27.5-28 milyard manat həcmində qalacaq ki, bu da təxminən 1 milyard manat həcmində mülayim müsbət sərbəst əməliyyat pul axınına (FOCF) baxmayaraq baş verəcək.
 
Eyni zamanda, "S&P" vurğulayır ki, hesablamalarda ümumi borc (nağd pul vəsaitləri nəzərə alınmadan) istifadə olunur, hərçənd modelə bəzi düzəlişlər edilir. Buna baxmayaraq, 2024-cü ilin sonuna SOCAR-ın balansında təxminən 14 milyard manat həcmində əhəmiyyətli nağd vəsait olub ki, bu da xüsusilə qısamüddətli öhdəliklərin yüksək payı nəzərə alınmaqla şirkətin likvidliyini dəstəkləyir.
 
Əgər bu nağd vəsaitin həcmi nəzərə alınsa, FFO-nun borca nisbəti 20%-dən bir qədər yüksəkdir. "S&P" həmin göstəricinin orta müddətdə saxlanılacağına ümid bəsləyir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər