Kredit borcları hansı halda silinə bilər?
İqtisadiyyat
598
11:31, Bu gün

Kredit borcları hansı halda silinə bilər?

Ölkədə kredit borcu olan vətəndaşların sayı artmaqdadır. Bəzən borcluların maliyyə vəziyyəti pisləşir, gəlirləri azalır və nəticədə kredit öhdəliklərini yerinə yetirə bilmirlər.
 
Bəs hansı hallarda və hansı hüquqi əsaslarla kredit borcu tam və ya qismən silinə bilər?
 
Mövzu ilə bağlı Moderator.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu, kifayət qədər həssas məsələdir:
 
“Kredit borcunun tam və ya qismən silinməsi məsələsi həm dünyada, həm də Azərbaycanda qanunvericilik baxımından daha çox kreditorların – yəni bankların maraqlarının qorunması istiqamətində tənzimlənir. Bu da təbiidir. Əks halda maliyyə sektorunun inkişafını, maliyyə bazarlarında intizamın və məsuliyyətli müştəri davranışlarının formalaşmasını təmin etmək mümkün olmaz.Əgər hər kəs müxtəlif bəhanələrlə götürdüyü krediti ödəməkdən imtina etsə, bu, maliyyə bazarlarında ciddi risk yaradacaq. Maliyyə bazarlarında yaranan risk isə bütövlükdə ölkə iqtisadiyyatına təsir edir – iqtisadi geriləmə, durğunluq, işsizlik və gəlirlərin azalması kimi problemlərə gətirib çıxarır.Buna görə də 'kredit borcunu ödəyə bilməyən vətəndaşlar qanunla müdafiə olunmalı, borclar asanlıqla silinməlidir' kimi yanaşma doğru deyil. Qanunvericilikdə bankların kredit borcunu tam və ya qismən silməsi yalnız onların öz təşəbbüsü və səlahiyyətləri çərçivəsində mümkündür. Müxtəlif dövrlərdə yerli banklar bu cür addımlar atıblar. Xüsusilə sosial cəhətdən həssas qruplara, İkinci Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə və ya korporativ sosial məsuliyyət çərçivəsində müəyyən şəxslərə münasibətdə borcun bir hissəsinin silinməsi halları olub. Kredit borcu, adətən, iki əsas hissədən ibarətdir: əsas borc və faiz (o cümlədən dəbbə) borcu. Bəzi hallarda məhkəmələr ödəmə qabiliyyətini itirmiş şəxslərə münasibətdə faizlərə və cərimələrə müəyyən güzəştlər tətbiq edirlər”.
 
İqtisadçı əlavə edib ki, əsas borcun qaytarılması və digər mənbələrdən formalaşan borcun silinməsi ilə bağlı qərarlar banklar tərəfindən müstəqil şəkildə qəbul edilə bilər:
 
“Sahibkarlıq subyektlərinə münasibətdə isə vəziyyət bir qədər fərqlidir. Əgər hüquqi şəxs defoltla üzləşib və onun rəsmi iflası tanınıbsa, belə halda kredit borcu müəssisənin aktivlərinin imkan verdiyi həddə ödənilir. Yəni müəssisənin maliyyə vəsaitləri və ya aktivlərinin satışı (likvidləşdirilməsi) nəticəsində ödənilə bilməyən hissə silinir. Kredit borcunun silinməsi hallarından biri də sığorta hadisəsi ilə bağlıdır. Əgər kredit sığortalanıbsa və sığorta hadisəsi – məsələn, borcalanın əmək qabiliyyətini itirməsi və ya vəfat etməsi – baş veribsə, bu zaman sığorta şirkəti bank qarşısında müvafiq məbləği ödəyir. Nəticədə həmin şəxsə aid kredit borcu silinmiş hesab olunur.
Sadalanan hallardan başqa kredit borcunun silinməsi qanunvericilikdə nəzərdə tutulmur. Bununla belə, banklar öz aktivlərinin dəyərləndirilməsi çərçivəsində müəyyən addımlar ata bilirlər. Əgər kredit uzun müddət – məsələn, bir ildən artıq – ödənilməyibsə, müştərinin ödəmə qabiliyyəti tam itirilibsə və kredit girovsuz verilibsə, bank həmin borcu silə bilər.
Bu zaman müştərinin kredit tarixçəsi tamamilə korlanmış sayılır və o, “problemli müştəri” kateqoriyasına daxil edilir. Bu da kredit borcunun tam və ya qismən silinməsinin başqa bir təzahür formasıdır”.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər