“Söhbət 7 milyonluq bir nəhəng şəhərin köçürülməsindən gedir...”- Sabiq səfir
İqtisadiyyat
890
18:18, Bu gün

“Söhbət 7 milyonluq bir nəhəng şəhərin köçürülməsindən gedir...”- Sabiq səfir

“Bir neçə il bundan öncə İranın Azərbaycan türkü olan keçmiş kənd təsərrüfatı naziri İsa Kalantari su problemi ilə bağlı mətbuatda ardıcıl təhlillər dərc etmişdi. O, Urmiya gölü ilə bağlı, Tehranın, İsfahanın su təchizatı ilə bağlı buraxılmış səhvləri xatırladaraq ölkə rəhbərliyini xəbərdar edirdi ki...”
 
“İranda, xüsusən paytaxt Tehran və Məşhəd şəhərlərində su problemi həddindən artıq kritik durum yaradıb. Ötən açıqlamamızda şəhər su anbarlarında cəmi iki həftəlik içməli su qalması haqda rəsmilərin xəbərdarlığını nəzərə çatdırmışdıq. İndi artıq həmin vaxt yetişib. Və digər tərəfdən, ölkədə axı yalnız su problemi mövcud  deyil, elektrik enerjisinin də, qazın da verilişində problemlər var. Bir sözlə, bütün sahələr böhran içindədir”. 
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov bildirib.
 
“Rəhbərlik demək olar ki, su probleminin həlli istiqamətində heç bir konkret iş görə bilmir. İndi, prezident Məsud Pezeşkian deyir ki, belə getsə, Tehranı təxliyyə etməyə məcburuq. Amma axı əhalini köçürmək də asan məsələ deyil, söhbət 100 nəfərdən, min nəfərdən, 10 min nəfərdən yox, 7 milyonluq bir nəhəng şəhərdən gedir. Bəs həmin əhalini hara köçürəcəklər? Guya başqa şəhər və əyalətlərdə su problemi, yaxud işıq, qaz və s. problemlər həll olunub. Xeyr, oralarda da yetərincə problemlər var. Ona görə də İran rəhbərləri nə qədər fikirləşsələr də, real bir çıxış yolu tapa bilmirlər. Bu problemlərin qarşısını vaxtında almaq lazım idi”, -deyə davamında diplomat nəzərə çatdırıb. 
 
“Yadımdadır ki, bir neçə il bundan öncə İranın Azərbaycan türkü olan keçmiş kənd təsərrüfatı naziri İsa Kalantari su problemi ilə bağlı mətbuatda ardıcıl təhlillər dərc etmişdi. O, Urmiya gölü ilə bağlı, Tehranın, İsfahanın su təchizatı ilə bağlı buraxılmış səhvləri xatırladaraq ölkə rəhbərliyini xəbərdar edirdi ki, bu işlə məşğul olan rəhbər məmurlar peşəkar deyillər.  Və onun dedikləri bu gün özünü doğruldur. Təəssüf ki, İran rəhbərləri mütəxəssislərin dediklərindən nəticə çıxarıb bu problemlərə vaxtında və lazımi qədər diqqət yönəltmədilər. İndi isə gözlənilən bu xaos qarşısında nə düşündükləri, nə planlaşdırdıqları bəlli deyil”, -keçmiş səfir yekunlaşdırıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər