Yazar
Sultan Laçın
Bütün yazılar
iqtisadiyyat
922
14:04, Bu gün

“Dabaqla qabağa düşən balqabaqlar...”

“Allaha, Qurana, Peyğəmbərə, Axirətə imansız ağıl ola bilməz... Belə “ağıl”ları, olsa-olsa, yalnız monqol qoyunlarının yığışacağı ağıllar hesab etmək olar...”
 
Adam adamlıqla qabağa düşər, şeytanlıqla yox... Bu fani, müvəqqəti dünyada adam cildində xeyli şeytan xislətli məxluqat var ki, elə sanırlar ki, öz məmləkətlərindəki, yaxud planetdəki insanlara(!) kələk gəlməklə qazancda, mal-dövlətdə qabağa, irəli düşürlər. Onlar yanılmırlar, gerçəkdən qabağa düşürlər... Amma əslində nədə? Qurani-Kərimdə deyildiyi kimi, günahlarını artırıb Şeytanın ardınca gedilən yolda qabağa düşürlər. Şeytanın yolu, son mənzili isə haradır? Sözsüz ki, Cəhənnəm... Deməli, bu kələkbazlar, bu dələduzlar, bu saxtakarlar, bu rüşvətxorlar, bu korrupsionerlər Cəhənnəmə gedən yolda qabağa düşürlər...
 
Eyni fikir son aylar, mal-qaranın, qoyunların dabaq xəstəliyinə tutulmasıyla özlərini qabağa düşmüş hesab edən şərbəndələrə də aiddir. Əvvəla, bu xəstəlik öz-özünə yayılmayıb. Keçmiş illərdə, hətta sovet dövrünün son onilliklərində belə, Azərbaycanda bu xəstəliyin indiki dərəcədə yayılması xatırlanmır. Vaxtlı-vaxtında mal-qaraya keyfiyyətli dərmanlar, peyvəndlər vurulurdu və nəticədə infeksion xəstəliklər kütləvi yayılmırdı. Bu gün isə xəstəliyin profilaktikasıyla məşğul olmalı, xaricdən gətirilən heyvanları dəqiq yoxlamamış sərhəddən-gömrükdən buraxmamalı olan qurumları günahlandırmaq əvəzinə, az qalırlar, Monqolustan kəşfiyyatçılarını suçlayalar ki, guya monqol qoyunlarının ölkəmizə ixracını artırmaq üçün bu xəstəliyi onlar yayıb. Məsələ ondadır ki, xəstəlikdən öncə, eləcə də sonra dabaq xəstəliyinə qarşı saxta peyvəndlər, dərmanlar istehsal edib satmaqla, eyni zamanda Monqolustandan ucuz qiymətə, deyilənə görə, ölmüş, yaxud haram qaydada, yəni ürəyi çıxarılmaqla kəsilmiş qoyunların ətini yerli heyvanlardan ucuz, amma ikiqat-üçqat qiymətə satanlar da, eyni zamanda dabağı bəhanə edib yerli mal, qoyun ətini daha da bahalaşdırmaqla “qabağ”a düşənlər də var. O da istisna olunmur ki,  dabaqla qabağa düşmək istəyənlər bu xəstəliyin yayılmasında iştirak da edə bilərlər... 
 
Babalı deyənlərin boynuna, etibarlı bir dostumun özünün etibarlı bir dostuna istinadla verdiyi məlumata görə,  o monqol ətini satan şirkətin adamları onun işlətdiyi restorana zorla həmin ətdən aldırmaq istəyib. Buna razı olmayan, daim halal qoyun ətindən kabab verdiyi müştərilərini qaçırtmaq istəməyən restoran müdiri külli miqdarda vergi ilə, hətta həbslə hədələnib və əti almasa da, onun pulunu ödəməklə canını qurtara bilib... 
 
Hələ Hindistandan, Pakistandan, müxtəlif Avropa ölkələrindən ölmüş camış, yaxud donmuş dana, qoyin əti gətirib satdıranlardan danışmırıq... İndi belələri də sevinirlər, dabağa sağlıq deyirlər ki, onun hesabına qabağa düşüblər... 
 
Fəqət, bəzi dayaz “ağıl” sahibləri bu dabaqsevərlə yanaşı, ən kiçik rüşvətxordan tutmuş ən böyük korrupsionerədək, bir kiçik daxmanı tikmək hesabına büdcədən yüz minlər sildirənlərdən tutmuş bina, göydələn, yol, körpü tikintisi hesabına büdcədən yüz milyonlar əkişdirənlərədək, yüz min tonlarla nefti qaçaqmalçılıqla satanlaradək hər bir məxluqu “zəmanənin nəbzini tutmağı bacaran”, “fərasətli”, “ağıllı” məxluqlar saysalar da, belələrində zərrə qədər ağıl deyilən şey yoxdur. Onlar əsil balqabaqdırlar... Çünki ağlı olan insan Allaha, Qurana, Peyğəmbərə(s.), Qiyamət gününə, Axirətə inanar və bilər ki, bu dünyada törətdiyi günah və cinayətlərə görə bu dünyada cəzalanmasa da, yaxud layiqincə cəzalanmasa da, o dünyada mütləq və yetərincə, əbədi, misli görünməmiş cəzaya düçar olacaqdır... Buna inanmayan, dərk etməyən necə ağıllı, fərasətli ola bilər? Allaha, Axirətə və s. imansız ağıl ola bilməz... Belə “ağıl”ları, olsa-olsa, monqol qoyunlarının yığışacağı ağıllar hesab etmək olar...
 
Sultan Laçın
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər