Azərbaycanda kripto bazarı niyə inkişaf etmir? - Şərh
İqtisadiyyat
1797
03 Nov 2025 | 15:05

Azərbaycanda kripto bazarı niyə inkişaf etmir? - Şərh

Chainalysis” şirkətinin açıqladığı son qlobal kripto adaptasiyası hesabatına görə, Azərbaycan 151 ölkə arasında 90-cı yerdə qərarlaşıb. Bu, ölkənin Salvador və İrlandiyakimi dövlətlərlə eyni səviyyədə mövqe tutduğunu göstərir. Hesabatda qeyd olunur ki, Azərbaycanda fərdi istifadəçilər arasında kripto əməliyyatları nisbətən aktiv olsa da, iri investor seqmentində iştirak hələ zəifdir. Yəni ölkədə əsasən fərdi istifadəçilər aktivdir, amma böyük maliyyə institutları hələ kütləvi şəkildə bazara daxil olmayıb. Ölkəmizdə böyük maliyyə institutlarının kriptovalyuta bazarına daxil olmamasının əsas səbəbi nədir?

Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, Azərbaycanda kriptovalyutalar bazarına böyük maliyyə institutlarının girməməsi təəccüblü deyil, çünki sistem hələ “boşluqlarla dolu rəqs meydanı”nı xatırladır: musiqi gedir lakin rəsmi qaydalar yoxdur.
 
  “Ölkəmizdə iri maliyyə institutlarının kriptovalyuta bazarına daxil olmamasının bir neçə əsas səbəbi var. Ən birincisi – normativ-hüquqi bazanın qeyri-müəyyənliyidir. Hazırda ölkədə kriptovalyutalarla bağlı tam hüquqi baza formalaşmayıb. Yəni bank və investisiya şirkətləri üçün nə icazə, nə də qadağa tam aydın deyil. Belə şəraitdə heç bir iri maliyyə qurumu öz reputasiyasını “boş hüquqi zonada” riskə atmaz.
İkincisi, Mərkəzi Bank və Maliyyə Monitorinqi Xidməti kriptovalyutaları hələ də “rəsmi maliyyə aləti” kimi qəbul etmir. Nəticədə AML/KYC tələbləri, hesabat standartları və vergi mexanizmləri konkretləşməyib. Bu faktor iri investorlar üçün “risk portfelinin baş ağrısına çevrilən” amildir və hüquqi təhlükəsizlik baxımından problem yaradır.
Üçüncü əsas faktor isə mövcud mühafizəkar maliyyə siyasətidir. Azərbaycanın maliyyə sektoru innovasiyadan çox sabitliyə önəm verir. Banklar üçün kripto deyil, “riskin sıfıra yaxın olması” prioritetdir. Yəni texnologiyanın gələcəyinə maraq var lakin “ilk addımı başqası atsın” prinsipi işləyir”,- deyə mütəxəssis deyib.
 
  Elnur Quliyev qeyd edib ki,hazırkı şəraitdə Azərbaycanda kriptovalyuta bazarını fərdi istifadəçilər hərəkətdə saxlayır:
 
 “Lakin hüquqi çərçivə və tənzimləmə mexanizmləri formalaşmadan iri maliyyə qurumlarının bu bazara kütləvi şəkildə daxil olması hələlik real görünmür”.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər