“Kreml çalışır ki, daim Ermənistanı həm siyasi, həm də iqtisadi baxımdan əlində saxlasın...”
"Amma bütün səylərinə baxmayaraq, Moskva Türkiyə-Ermənistan açılımının qarşısını ala bilməyəcək..."
“Mən bir vətəndaş kimi də bu məsələni ürəkdən alqışlayıram...”
Bunu Moderator.az-a açıqlamasında “Məlum olduğu kimi, ötən həftə Azərbaycan prezidenti İlham Əliyev Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatı zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını və artıq Qazaxıstan taxılının da ölkəmiz üzərindən Gürcüstan vasitəsilə Ermənistana daşına biləcəyini bəyan edib. Oktyabrın 26-da isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk artıq rəsmi Bakının Rusiya mallarının Ermənistana keçməsinə icazə verməyə hazır olduğunu da bəyan etdiyini bildirib. Bunları necə şərh edərdiniz?” sualını cavablandıran politoloq Qabil Hüseynli söyləyib.
“Azərbaycan ərazisindən Qazaxıstandan gələn taxılın, həmçinin Rusiyadan göndərilən müxtəlif malların Ermənistana daşınmasına icazə verilməsini iki ölkə arasındakı münasibətlərin normallaşmasının bir əlaməti kimi dəyərləndirirəm. Yəni uzun müddətdir ki, dövlətlər bir-biri ilə heç bir ticarət, nəqliyyat, loqistika əlaqələri saxlamır. Və artıq loqistik əlaqələrini nizama salırıq. Bir müddət sonra isə Zəngəzur yolu da işə salınacaq və bu əlaqələrin dairəsi, miqyası daha da genişlənəcək. Bütün bunlar 8 avqust tarixli Vaşinqton Sülh Bəyanatından sonra sülh prosesini sürətləndirən, Azərbaycanla Ermənistan arasında Yekun Sülh Sazişinin imzalanması vaxtını tezləşdirən və bir sözlə iki xalqı bir-biri yaxınlaşdıran bir amildir. Bu, indiyədək yığılmış qarşılıqlı nifrəti, kin-küdurəti atmağın bir yoludur. Mən bir vətəndaş kimi də bu məsələni ürəkdən alqışlayıram”, - həmsöhbətimiz belə deyib.
“Rusiyanın Azərbaycan üzərindən Ermənistana tranzitin açılmasında canfəşanlıq etməsində şübhəli məqamlar yoxdur ki? Çünki Kreml rəsmiləri bir yandan guya Azərbaycanla Ermənistan arasında loqistikanın tədricən bərpa olunmasını alqışlayır, bütün bunları sülhə doğru həlledici addımlar kimi dəyərləndirir, amma bilirik ki, digər yandan da Moskva Ermənistanın Türkiyə ilə sərhəd, ticarət əlaqələrinin bərpa olunmasına, başqa sözlə, erməni toplumunun iqtisadi-siyasi baxımdan qardaş ölkənin təsiri, nüfuzu altına düşməsinə qarşı gizli şəkildə müqavimət göstərir” fikrinə isə politoloq bu cür münasibət sərgiləyib:
“Bilirsiz, Rusiya sadəcə ona görə canfəşanlıq edir ki, Azərbaycan üzərindən Ermənistana tranzit qadağasının götürülməsi onun xeyrinədir. Başqa sözlə, Kreml çalışır ki, daim Ermənistanı həm siyasi, həm də iqtisadi baxımdan əlində saxlasın. Amma bütün səylərinə baxmayaraq, Moskva Türkiyə-Ermənistan açılımının qarşısını ala bilməyəcək. Həm də ona görə ki, Türkiyə ilə Ermənistan arasında yalnız sərhəd və gömrük məntəqələri açılmayacaq, eyni zamanda diplomatik münasibətlər yaradılacaq. Bu nöqteyi-nəzərdən Ermənistan daha çox qazanır və Qərbə doğru irəliləyir. Odur ki, Rusiyanın bölgə ilə bağlı addımları bu prosesə mane ola bilməz...”
Sultan Laçın