Bizi sosial şəbəkələrdən izləyin:
Son günlərdə 2026-cı ilin dövlət büdcəsi layihəsi ilə bağlı bir sıra məqamlar açıqlanıb. Eyni zamanda, son dövrlərdə neftin qiymətində baş verən azalma və hasilatın aşağı düşməsi ilə bağlı yayılan məlumatlar manatın məzənnəsinin dəyişib-dəyişməyəcəyi məsələsini yenidən gündəmə gətirib.
Görəsən, manatın məzənnəsi üçün təhdidlər mövcuddurmu?
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı “Unikal”a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qarşıdakı 3-6 ay ərzində manat üçün ciddi risklər mövcud deyil:
“İlk növbədə onu qeyd etmək lazımdır ki, valyuta bazarında təklif tələbi üstələyir. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov da məlumat verdi. Nağd valyuta alışlarında 230 milyon dollarlıq artıqlıq yaranıb. Təlabat aşağı düşüb. Bu isə onu göstərir ki, vətəndaşlar da manatın məzənnəsinə arxayındırlar. Hələ ki, dollara keçid barədə düşünmürlər.
İkincisi, tədiyyə balansı profisitlidir. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, büdcənin proqnozlarına uyğundur. 2025-ci ilin ilk üç rübündə neftin qiyməti kifayət qədər yüksək olub. Proqnoza uyğun gedir. İlin sonuna qədər də tədiyyə balansında profisit gözlənilir. Valyutanın gəlişi çıxışından çoxdur. Bu baxımdan risk yoxdur.
Üçüncü məsələ isə bundan ibarətdir ki, bankların depozit portfelində dollarla olan depozitlərin sayı azalıb. Bu bir daha onu sübut edir ki, əhali risk görmür və manata etibar edir. Bir sözlə, manatın məzənnəsi ilə bağlı qarşıdakı aylarda ciddi risk mövcud deyil. Gələn il üçün də tədiyyə balansı profisitli proqnozlaşdırılır”, - deyə ekspert əlavə edib.