Bu tarixdən taksilərdə qiymətlər bahalaşacaq - AÇIQLAMA
İqtisadiyyat
1616
11:49, Bu gün

Bu tarixdən taksilərdə qiymətlər bahalaşacaq - AÇIQLAMA

Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib. Qərar noyabrın 1-dən qüvvəyə minir.  Taksilərin azaldılması Bakının tixac probleminə əlac olacaq? Taksilərin azalması fonunda qiymətlər yenə bahalaşacaq?
Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli Moderator.az-a açıqlamasında bildirib ki, bu məsələyə iki aspektdən yanaşa bilərik: 
 
“Nəqliyyat tıxacları və qiymət məsələsi. Bakı şəhərində taksi sayı 25 000 limitlə məhdudlaşdırılırsa, bir tərəfdən yol üzərində avtomobil sıxlığı azala bilər, amma bunu birbaşa tıxacların aradan qalxması ilə əlaqələndirmək çətindir. Səbəblər odur kı, tıxac yalnız taksilərdən yaranmır; şəxsi avtomobillərin sayı, avtobusların sıxlığı və yol infrastrukturunun vəziyyəti də təsir edir.
Əgər limit tətbiqi nəticəsində taksilərin sayı xeyli azalsa, səhər və axşam pik saatlarda sərnişinlər taksi tapa bilməyəcək, alternativlərdən istifadə edəcək ki, nəticədə digər avtomobillər yol üzərində daha çox qala bilər.
Bununla belə, taksilərin sıxlığı azaldığı yerlərdə bəlkə müəyyən yollarda tıxac bir qədər yüngülləşə bilər, amma bu bütün şəhəri əhatə etməyəcək.
Yəni buna tıxacların mütləq həll demək olmaz; amma müəyyən ərazilərdə kiçik rahatlaşma ola bilər”.
 
İqtisadçı qeyd edib ki, taksilərin sayı məhdudlaşdıqda iqtisadi qanunlar belə işləyir: təklif azalır, tələb eyni qalır, nəticədə qiymətlər bahalaşa bilər:
 
“Bu halda sərnişinlər daha az taksi görəndə, sürücülər qiymətləri qaldırmağa meyilli olacaq. Əgər eyni zamanda sərnişin tələbi yüksək qalarsa, bahalaşma qaçılmazdır.
Yəni taksilərin azaldılması tıxacların bütün şəhər üzrə azalmasına zəmanət vermir, yalnız bəzi yerlərdə yüngülləşmə ola bilər. Qiymətlərin artması ehtimalı yüksəkdir, çünki azalan təkliflə sərnişin tələbi eyni qalacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər