İqtisadiyyat
388
13:50, Bu gün

"Mall"larda bütün mağazalar vergi uçotuna alınacaq

Bu ilin oktyabrın 1-dən növbəti 6 ay ərzində bazar mülkiyyətçiləri vergi orqanında uçota alınmamış təsərrüfat obyektləri (mağaza, ticarət obyekti, anbar) və həmin obyekti icarəyə götürən şəxslər uçota alınacaq.
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Moderator.az-a verilən məlumata əsasən bu dəyişikliklər bazarlarda fəaliyyət göstərən bütün şəxslərin qanunvericiliyə uyğun leqal şəkildə fəaliyyət göstərməsini təmin etməyə və qanunsuz sahibkarlığın qarşısını almağa yönəlib.
 
Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınmasından sonra mümkündür. Bu öhdəlik bazar mülkiyyətçiləri tərəfindən təmin edilməlidir. Qanunvericiliyin yeni tələblərinə görə, bazar mülkiyyətçiləri icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran və ya davam etdirən vergi ödəyiciləri barədə məlumat formasını rübdə 1 dəfə vergi orqanlarına təqdim etməlidirlər.
 
Sözügedən dəyişikliklərin əsas məqsədi qeyri-qanuni, uçotsuz fəaliyyət göstərən, istehlakçı hüquqlarını pozan sahibkarların fəaliyyətinin qarşısının alınması və onların vergi uçotuna alınmasını təmin etməkdir.
 
Vergi uçotundan kənar fəaliyyət göstərən bazarlarda alış zamanı çox zaman ödəniş sənədləri (çek, qəbz) təqdim edilmir. Bu isə istehlakçının hüquqlarının pozuntusuna, malların dəyişdirilməsi və ya qaytarılması zamanı problemlərin yaranmasına səbəb olur.
 
Yeni mexanizm bu problemlərin qarşısını almaqla istehlakçı hüquqlarının qorunmasına və şəffaf bazar münasibətlərinin formalaşmasına xidmət edəcək. Ümumilikdə bu addımlar iqtisadi artıma və sosial rifahın yüksəlməsinə töhfə verəcəkdir.
 
Yenilik kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, digər bazarları əhatə edəcək.
Link kopyalandı!
Son xəbərlər