Xarici ticarət dövriyyəsi niyə azalır? - AÇIQLAMA
İqtisadiyyat
642
11:23, Bu gün

Xarici ticarət dövriyyəsi niyə azalır? - AÇIQLAMA

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın azalıb.
2025-cü ilin ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 2.5% artaraq 35 milyard 375,495 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.
Son bir ildə ölkə üzrə ixrac 6.3% azalaraq 18 milyard 606.5 milyon ABŞ dolları, idxal isə əksinə 14.5% artaraq 16 milyard 769 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 1 milyard 837.5 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2.8 dəfə azdır.
 
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun bu qədər azalmasının əsas səbəbləri nədir?
 
Moderator.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, xarici ticarət dövriyyəsində müsbət saldonun azalmasının əsas səbəbi neft hasilatının və ixracın azalmasıdır:
 
“Son illərdə hasilat həcmi azalıb, neftin dünya bazarındakı qiymətləri isə orta hesabla 70 dollar civarında dəyişir. Qiymətlər sabit qalsa da, yüksək səviyyədə deyil. Bu amillər birlikdə ixrac gəlirlərini azaldıb və ticarət saldosuna birbaşa təsir göstərib. Eyni zamanda, idxalın artması da fərqi dərinləşdirir”.
 
İqtisadçının sözlərinə görə, Azərbaycan bir çox sahələrdə idxaldan yüksək dərəcədə asılı vəziyyətdədir:
 
“Təəssüf ki, elə sahələr var ki, 95-100 faiz idxaldan asılıyıq. Məsələn, dərman preparatlarında 95 faiz, məişət texnikası, kimyəvi məhsullar, elektrotexnika, avtomobil və avadanlıqlarda isə demək olar ki, 100 faiz xaricdən asılıyıq. Ərzaq məhsullarında da təxminən 75 faiz xarici asılılıq var. Ölkədə istehlak artdıqca bu da idxalın həcmini yüksəldir”.
 
Ekspert həmçinin bildirib ki, idxalın artmasının digər səbəblərindən biri də malların gömrükdə rəsmiləşdirilməsinin çoxalmasıdır:
 
“Əvvəllər gömrükdən yan keçən məhsulların indi daha çox rəsmiləşdirilməsi baş verir. Bu da idxalın həm həcm, həm də dəyər baxımından artmasına səbəb olur. Bu prosesi müəyyən mənada müsbət tendensiya kimi qiymətləndirmək olar”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər