Azərbaycanda işsizlərin sayı artıb. Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir. Belə ki, 2025-ci il oktyabrın 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 236,4 min nəfər olub. Onların 50,9%-i qadınlardır. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 472,2 manat təşkil edib. Keçən ilin eyni dövrü ilə müqayisədə işsizlərin sayı 20 min nəfər artıb (2024-cü il oktyabr: 216,4 min nəfər). Qadın işsizlərin payı isə 46,9%-dən 50,9%-ə yüksəlib. Orta aylıq işsizlikdən sığorta ödənişi də 407,9 manatdan 472,2 manata qalxıb, yəni 64,3 manat artım müşahidə olunub.
İşsizliyin qarşısını almaq üçün çıxış yolu nədir?
Moderator.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Dövlət Məşğulluq Agentliyində qeydiyyatdan keçən işsizlərin sayının artmasının əsas səbəblərindən biri vətəndaşların işsiz olduqları müddətdə qeydiyyatdan keçməyə üstünlük vermələri ilə bağlıdır:
“Bu, əslində onların aktiv sosial proqramlardan istifadə etməsi baxımından vacibdir. Çünki həm iş təminatı, həm də özünüməşğulluq və digər aktiv sosial proqramlardan yararlanmaq üçün məşğulluq idarələrində işsiz kimi qeydiyyata düşmək vacibdir. İşsizliyə qarşı mübarizənin gücləndirilməsi həmişə prioritet olub və vacib məqamlardan biri yalnız dövlət deyil, həm də özəl sektor hesabına iş yerlərinin yaradılması sayının artırılmasıdır.
Çünki nəzərə alsaq ki, iqtisadiyyatda drayver qeyri-neft sektorudur, eyni zamanda real sektor həm ÜDM-in, həm də büdcə gəlirlərinin formalaşmasında daha çox paya malikdir. Ona görə də özəl sektorun məşğulluqda payının artırılmasına ehtiyac var. Doğrudur, son bir ildə özəl sektorda bağlanan müqavilələrin sayı dövlət sektoru ilə müqayisədə daha çoxdur. Təbii ki, bu, pozitiv tendensiyadır. Amma bütün hallarda dövlət tərəfindən investisiya mühitinin daha da yaxşılaşdırılması kontekstində özəl şirkətlər vasitəsilə daha çox iş yerlərinin yaradılması, xüsusən də ixtisaslı kadrların işlə təmin olunmasına imkan yarada bilər.
Təbii ki, bu, eyni zamanda sahibkarların maliyyə kreditlərinə çıxış imkanlarının artırılması, maliyyə resurslarının ucuzlaşdırılması, kredit faizlərinin aşağı salınması, real sektora daha çox kreditlərin verilməsi kimi tədbirlərin genişləndirilməsinə ehtiyac yaradır ki, işsizliyin aradan qaldırılmasında özəl sektorun payının artırılması mümkün olsun”.
Mehin Mehmanqızı