Əhalinin NƏZƏRİNƏ – Faizsiz kredit bu şərtlərlə veriləcək
İqtisadiyyat
1010
15:18, Bu gün

Əhalinin NƏZƏRİNƏ Faizsiz kredit bu şərtlərlə veriləcək

Azərbaycanda planlaşdırılan İslam bankçılığı "pəncərələri" banklar üçün yeni gəlir mənbələri açacaq. Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyi xəbər verir. Azərbaycan Mərkəzi Bankı ("Baa3", "müsbət" proqnoz) 2026-cı ildən İslam bankçılığı məhsullarının tətbiq ediləcəyini elan edib. Agentliyin məlumatına görə, hakimiyyət orqanları ölkədə İslam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər hazırlayır. Buraya Mülki Məcəlləyə, "Banklar haqqında" qanuna və Vergi Məcəlləsinə dəyişikliklər daxildir. Əsas təkliflərdən biri İslam maliyyə əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsidir.
Müvafiq normativ baza yaradıldıqdan sonra ənənəvi banklar "İslam pəncərələri" adlanan vasitələrlə İslam bankçılığı xidmətləri təklif edə biləcəklər.
 
Moderator.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, zaman-zaman İslam bankçılığı şəriət qaydaları ilə maliyyə xidmətlərinin təşkili, o cümlədən qiymətli kağızların emissiyası məsələləri gündəmə gəlir və bununla bağlı müxtəlif təşəbbüslər olub:
 
“Azərbaycanda bu sahədə hələlik tam özünü doğrultmuş təşəbbüs yoxdur. Son aylarda isə xüsusilə Mərkəzi Bank bu istiqamətdə daha təşəbbüskar qurum kimi çıxış edərək beynəlxalq təcrübənin öyrənilməsi və mümkün potensialın qiymətləndirilməsi ilə bağlı diaqnostika prosesinə start verib. Bu istiqamətdə uğurlu nəticələr əldə olunarsa, növbəti mərhələdə artıq pilot layihələrin icrasına başlanıla bilər. Azərbaycan bazarında şəriət qaydaları ilə maliyyə xidmətlərinin təşkili bazarı çox geniş deyil. Baxmayaraq ki, Azərbaycan İslam icması hesab olunur, həm bank xidmətlərindən istifadə, həm kreditlərə müraciət, həm də əmanətlərin yerləşdirilməsi məsələlərinə baxanda görürük ki, əhali bu prosesdə ciddi tələb qoymur və mövcud xidmətlərdən geniş şəkildə istifadə edir. Yəni Azərbaycanda vətəndaşın və ya biznesin məhz şəriət normalarına uyğun olmadığı üçün mövcud bank xidmətlərindən istifadədən çəkindiyi barədə ciddi meyillər yoxdur. Buna görə də bu bazar böyük deyil. Bununla belə, marjinal qruplar – həm vətəndaş, həm də sahibkar olaraq Azərbaycanda yaşayan və fəaliyyət göstərən şəxslər – üçün bu xidmətlərin təşkili inklüzivlik və xidmətlərin əlçatanlığı baxımından müəyyən imkanlar yaradır. Eyni zamanda, bu, bank məhsullarının diversifikasiyasına şərait formalaşdıra bilər”.
 
İqtisadçı qeyd edib ki, bu, həm dindar vətəndaşların passiv yığımlarının iqtisadiyyata cəlb edilməsi və inteqrasiyası, həm də həmin şəxslərin biznesdə aktiv iştirakının, öz bizneslərinin maliyyə təminatının gücləndirilməsi istiqamətində təşəbbüslərinin artması baxımından müəyyən resurslar formalaşdıra bilər:
 
“Yəni konstitusion baxımdan yanaşsaq, burada sosial və iqtisadi təsirlərin miqyası hər hansı bir xidmətin geniş şəkildə inkişafında mühüm rol oynasa da, azlıqların maraqlarının qorunması və onların xidmətlərə çıxışının artırılması baxımından da bu istiqamətdə tələbat mövcuddur. Mən düşünürəm ki, şəriət qaydalarına uyğun maliyyə xidmətlərinin təşkili bu baxımdan da əhəmiyyətlidir.”
 
Rəşad Həsənov hesab edir ki, bütövlükdə bu prosesin bank sektoruna ciddi təsiri gözlənilmir və bazarın miqyası çox böyük ehtimalla kiçik olacaq:
 
“Bu, ən yaxşı halda Azərbaycanda kredit portfelinin təxminən 1-2  faizini təşkil edə bilər. Əgər qiymətli kağızların emissiyası mümkün olarsa, bu istiqamətdə bazarda təsir təxminən 1–2 faiz səviyyəsində ola bilər. Ümumilikdə isə bunlar sistem əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq faktorlar və ya miqyas hesab edilmir”.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər