“Azərbaycanda da Özbəkistan kimi idarəçilikdə süni intellektə üstünlük verilsə, rüşvətxor məmurlar başlarına nə çarə qılar, süni intellekti də rüşvətxorluğa öyrətməyə cəhd edərlərmi?..”
"2025-ci ilin dövlət büdcəsindən təkcə ümumi dövlət xidmətlərinə, bürokratik aparatın saxlanılmasına 5 milyard manatdan çox vəsait ayrılıb. Hələ mən digər dövlət strukturlarının saxlanılmasına ayrılan digər vəsaitləri demirəm. Əgər həmin strukturların da saxlanılma xərcləri nəzərə alınsa, bu hər il büdcənin təxminən 1/4 – inin, yəni 10 milyard manata yaxın vəsaitin sərf olunması deməkdir. Görün, dövlət büdcəsi nə qədər lazımsız, gərəksiz şəkildə əlavə yüklənir? Hələ..."
Xəbər verildiyi kimi, süni intellektin tətbiqi ilə əlaqədar Özbəkistan hökuməti bu ilin noyabrın 1-dək 2000-dən çox dövlət qulluqçusunu ixtisar edəcək. Prezident Şavkat Mirziyoyevin imzaladığı müvafiq fərman “Rəqəmsallaşmanın geniş tətbiqi yolu ilə dövlət hakimiyyətinin icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrin sayının optimallaşdırılması tədbirləri haqqında” adlanır. Orada yaxın vaxtlarda ölkənin icra hakimiyyətində 2141 vəzifənin ixtisar ediləcəyi bildirilir.
Bəs görəsən, Azərbaycanda da belə bir sistem tətbiq edilsə, yəni yersiz və artıq məmur işlərinin bir çoxunu süni intellekt əvəzləsə, işdən çıxarılanlar bir yana, babat vəzifələrdə qalacaq bəzi rüşvətxor məmurlar “başlarına nə çarə qılacaq”, “nə ilə dolanacaq”lar, süni intellekti də rüşvətxorluğa öyrətməyə cəhd edəcəklərmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov bunları söyləyib:
“Dünyada süni intellekt geniş yayılmaqdadır və bunun tətbiq dairəsi də çoxşaxəlidir. Xüsusən də qabaqcıl texnologiyalara və innovativ təşəbbüslərə üstünlük verən qabaqcıl ölkələrdə süni intellekt və rəqəmsallaşma hakim mövqeyə keçir. Doğrudur, insan zəkasını və insan beynini heç bir texnologiya və elmi tətbiq qüsursuz şəkildə əvəz eləmir. Lakin onun da öz üstünlükləri var. Azərbaycanda son dövrlər süni intellekt və rəqəmsal texnologiya ilə bağlı xeyli irəliləyişlər müşahidə edilsə də, bunun idarəetmədə tətbiqi hiss olunmur. Daha çox ənənəvi formada texnokrat ordusu qalmaqdadır. Dəfələrlə idarəetmənin çevik, mobil və optimallaşdırılması ilə bağlı fikirlər və təkliflər səsləndirilsə də, bütün bunlara məhəl qoyulmur. Əksinə, son dövrlər bürokratik aparatın süni şəkildə şişirdilməsi, paralel stukturların təsis olunması tendesiyası baş verməkdədir. Elə qurum var ki, orada nazirin, yaxud idarə rəisinin onlarla müavini, müşaviri, köməkçisi, referenti, katibəsi dövlət büdcəsinə oturdulub və onlara hər cür şərait yaradılıb. 2025-ci ilin dövlət büdcəsindən təkcə ümumi dövlət xidmətlərinə, bürokratik aparatın saxlanılmasına 5 milyard manatdan çox vəsait ayrılıb. Hələ mən digər dövlət strukturlarının saxlanılmasına ayrılan digər vəsaitləri demirəm. Əgər həmin strukturların da saxlanılma xərcləri nəzərə alınsa, bu hər il büdcənin təxminən 1/4 – inin, yəni 10 milyard manata yaxın vəsaitin sərf olunması deməkdir. Görün, dövlət büdcəsi nə qədər lazımsız, gərəksiz şəkildə əlavə yüklənir? Hələ yığılan çirkli pullar, rüşvət və korrupsiya yolu ilə əldə edilən vəsaitlər bunun iki qatından da çoxdur...
Xatırlayırsızsa, 2015-ci ildə dünyada gedən sürətli proseslər fonunda Azərbaycanda bəzi islahatlar, o cümlədən struktur dəyişikliklərə gedirdi. Ancaq bu da çox uzun sürmədi və hər şey sonrakı dövrlərdəki mənzərəyə qayıtdı. Bürokratik və şəbəkələşmiş inhisarçı aparat o qədər şişib ki, artıq qüdrətli bir gücə dönüb. Onu dağıtmaq, yaxud da reformasiya etmək çətin hala gəlib. Bu həm də dövlətçiliyə qarşı da ciddi təhdidə çevrilib, çünki dövlətin gücündən istifadə edir və inkişafa, tərəqqiyə mane olur. Aşağılar da hədsiz əzilmələrinə, haqsızlığa düçar olmalarına uzun müddət nəyinsə xatirinə susa bilərlər. Odur ki, çəkinmədən fundamental islahatlara getməyi zəruri hesab edirəm. Dövlət vəzifələrdə qalacaq bəzi rüşvətxor məmurların və texnokratların yüksək səviyyədə dolanışığı üçün deyil, xalqa, millətə xidmət üçündür. Və hesab edirəm ki, bu mənada Azərbaycan bürokratik və rüşvətxor məmur aparatını islah edilməsi üçün mütərəqqi beynəlxalq təcrübəni, o cümlədən qardaş və müttəfiqi olan Özbəkistan dövlətinin təcrübəsini bölüşməlidir...”
Sultan Laçın