Qlobal iqtisadi qeyri-sabitlik, dolların dəyərindəki dəyişikliklər və geosiyasi risklər investorları yeni axtarışlara yönəldib. Son günlər qızıl və kriptovalyutanın qiymətinrə bahalaşamalar rekord həddə çatıb.
Hazırkı iqtisadi şəraitdə – inflyasiya, valyuta riskləri və qlobal gərginliklər fonunda – sərmayə üçün hansı daha məntiqli seçim sayılır: kriptovalyutalara yatırım, yoxsa qızıla sərmayə qoymaq?
Almaniyada yaşayan iqtisadçı ekspert Murad Calalov Moderator.az-a açıqlamasında bildirib ki, ABŞ-da siyasi qeyri-sabitlik hökm sürür.
Onun sözlərinə görə, bu, Avropada 2015-ci ildə müşahidə olunan ssenariyə bənzəyir:
"Həmin dövrdə Avropa öz üzərindəki “möhürü” aradan qaldırmaq üçün müharibələrdən qaçan insanları qəbul etmişdi. Bu siyasət uzun müddət Avropanın iqtisadiyyatını geriyə aparıb, inflyasiyanı artırmışdı. Hazırda isə Donald Tramp eyni ssenarini davam etdirir və şəxsi olaraq bu siyasəti həyata keçirir.
Dövlətlər digər ölkələrin daxili problemlərini aradan qaldırmaq üçün vergi siyasətində dəyişikliklər edir, qiymətləri aşağı salmaq üçün müxtəlif tədbirlər görür. Bu isə dövlətin gəlirlərindən çox xərclərinə təsir edir və daxili borclanmanı artırır.
Müsbət tərəf odur ki, dollar dünya ticarətində əsas valyuta olduğundan borclanma əsasən dollar üzərindədir. Bu qısa müddətli çətinliklərə baxmayaraq, ABŞ iqtisadiyyatının bərpası mümkündür.
Hazırkı dövrdə ABŞ-dakı qeyri-sabit siyasət Avropaya da təsir edir. Məsələn, Fransa və digər ölkələrdə siyasi qeyri-sabitlik nəticəsində dövlət istiqrazlarının qiymətləri düşür, gəlirləri isə artır.
Bu vəziyyət avrozonaya da təsir edir və avronun dəyərində dalğalanmalara səbəb olur. Rusiya-Ukrayna müharibəsi və Suriyadakı iğtişaşlar da bu qeyri-müəyyənliyi gücləndirir.
2020-ci ildən bəri qlobal iqtisadiyyətdə sabitlik yoxdur; dalğalanmalar davam edir. Bu qeyri-müəyyənlik kriptovalyutalarda ani yüksəliş və enişlərə səbəb olur ki, bunlar manipulyativ hərəkətlər kimi qiymətləndirilə bilər.
Belə çaxnaşma dövründə ən etibarlı investisiya qızıldır. Proqnozuma görə, son iki-üç il ərzində qızılın qiyməti yüksəlməyə davam edəcək”.
Mehin Mehmanqızı