Bakıda II AZHAB Forumu keçirilir
İqtisadiyyat
498
11:49, Bu gün

Bakıda II AZHAB Forumu keçirilir

Bakıda II Azərbaycan Halal Biznes (AZHAB) Forumu öz işinə başlayıb.
 
Moderator.az xəbər verir ki, forum "Halal sənaye sürətlə dəyişən dünyada dayanıqlılığın mənbəyi kimi" mövzusuna həsr olunub.
 
Tədbirdə dünyanın müxtəlif regionlarından olan rəsmi şəxslər, sahə üzrə ekspertlər, akademik dairələr, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak edirlər.
 
AZHAB Forumunun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana və regiona xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.
 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimində yerli və xarici ölkələrdən olan rəsmilərin çıxışları, sənədlərin imzalanması, panel müzakirələr nəzərdə tutulur.
 
Forumun ilk günündə KOB-ları dəstəkləyən qurumlar arasında tərəfdaşlığın gücləndirilməsinə, islam maliyyəsi və halal biznesin idarəedilməsinə dair panel müzakirələr təşkil olunacaq. Ümumilikdə forumun keçirildiyi iki gün müddətində altı panel iclas planlaşdırılır.
 
Bu gün, həmçinin "AZHAB Forum 2025" çərçivəsində sərginin açılışı olacaq.
 
II AZHAB Forumu oktyabrın 8-dək davam edəcək.
 
Builki forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və "Caspian Event Organisers" MMC-nin tərəfdaşlığı, "ATENA" MMC-nin və "Bilgə Qrup"un sponsorluğu ilə keçirilir.
 
Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər