“Respublikamızın müxtəlif bölgələrində ilin müxtəlif dövrlərində qeyri-bərabər düşən yağıntıların miqdarı müəyyən edilməli və buna müvafiq çaylar üzərində su tutarları inşa edilməlidir...”
“Bir neçə on il bundan öncə 44-ə qədər belə su anbarının tikilməsinin zəruri olduğu elmi cəhətdən müəyyən edilmiş və həmin mövzuda şəxsən müsahibiniz tərəfindən müxtəlif medialar vasitəsilə Respublika hökumətinə davamlı olaraq müraciətlər edilmişdir...”
“Codluğu cox yüksək olan(pH 8,6) islətdiyimiz Şollar, Oğuz-Qəbələ suyundan qərb ölkələri nəinki içmək üçün, heç ev heyvanlarını çimizdirməyə belə, işlətməzlər...”
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin (“BCAW2025”) üçüncü günündəki çıxışında bildirib ki, son 40-45 ildə Azərbaycanın şirin su ehtiyatları 25 faiz azalıb. Onun sözlərinə görə, 1980-ci illərdən bəri Xəzər dənizinin səviyyəsi iki metrə yaxın aşağı düşüb, Kür çayının suyu da oxşar həcmdə azalıb: “Bunlar bölgəmizdə iqlim dəyişikliyinin canlı sübutlarıdır. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrində itkilər hələ də yüksəkdir, əhalinin yalnız üçdə biri müasir tullantı su xidmətlərinə çıxış əldə edir”.
Azərbaycan rəsmi qurumlarının hesablamalarına görə, ölkənin yeraltı və yerüstü şirin su ehtiyatları müstəqillik illərində 15 faizdən çox azalıb. Ən son qiymətləndirmələrə əsasən, Azərbaycanın bərpa olunan şirin su ehtiyatları 26 milyard kubmetr təşkil edir. Müqayisə üçün qeyd edək ki, 1980-ci illərdə SSRİ dövründə aparılmış müfəssəl qiymətləndirmələrə əsasən, bu göstəricinin 30,9 milyard kibmetr olduğu təsdiqlənmişdi(musavat.com).
Görəsən, söylənilən rəqəmlər nə dərəcədə gerçəkliyə uyğundur? Bəs ölkəmizdə bu gün də müşahidə olunan və daha böyük problemə dönəcəyi gözlənilən su qıtlığının qarşısını almaq mümkündürmü?
Azərbaycan Respublikası ETN-nin Coğrafiya İnstitutunun əməkdaşı, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı Moderator.az-a geniş açıqlama verib:
“Əvvəla, onu deyim ki, Azərbaycanın su ehtiyatları ilə bağlı ilk tədqiqatları 40-50 il əvvəldən bizim İnstitutumuz, yəni Çoğrafiya İnstitutu aparmağa başlayıb. İnstitutun hidrologiya şöbəsi bu istiqamətdə mühüm işlər görüb. O vaxtlar SSRİ-də ən məşhur hidroloqlardan biri olan professor Saleh Rüştəmovun rəhbərliyi ilə Azərbaycanın su ehtiyatları ilə bağlı vacib tədqiqatlar aparılmışdır. Tədqiqatlar zamanı su ehtiyatlarının müxtəlif növləri ilə bağlı ətraflı məlumatlara əsaslanaraq xeyli elmi əsaslara uyğun praktiki təkliflər verilmişdir. Odur ki, su ehtiyatlarından danışarkən şirin-suvarma və içməli suları, səth sularını, yeraltı suları, onların istifadə yerlərini biri-birindən ayırmaq lazımdır. Məsələn, bilmək lazımdır ki, şirin su ehtiyatlarından yalnız məişətdə deyil, suvarma, heyvandarlıq üçün də istifadə olunur. Bu baxımdan hazırda su ehtiyatları haqda deyilən fikirlərin bir çoxu elmi cəhətdən əsassız sayılmalıdır. Bundan əlavə, su ehtiyatlarının ölçülməsi və düzgün qiymətləndirilməsi məsələləri də diqqətə layiqdir...
Onu deyim ki, sovet dövründəki sözügedən hidroloji tədqiqatlar zamanı Azərbaycanın su ehtiyatları dəqiqləşdirildi və tədqiqatlar nəticəsində məlum oldu ki, su ehtiyatlarının dəqiq təsnifatı və səth sularından daha səmərəli istifadə vacibdir. Bunun üçün Respublikamızın müxtəlif bölgələrində ilin müxtəlif dövrlərində qeyri-bərabər düşən yağıntıların miqdarı müəyyən edilməli və buna müvafiq çaylar üzərində su tutarları inşa edilməlidir. Respublikamızda yağıntıların çoxillik göstəricilərinə görə ən çox yağıntılar yazın axırı yayın əvvəlində olduğu halda, bütün sahələr üzrə suya kəskin tələbatımız yay aylarına düşür. Nəticədə ölkədə suya tələbatda ciddi parodoks yaranır. Bu səbəbdən də ölkədə su qıtlığını aradan qaldırmaq üçün gec də olsa Böyük Qafqazın onlarla çaylarının, yəni Balakənçaydan başlamış Pirsaata, ordan da Samur çayına qədər olan çaylarımızın üzərində ilin sulu dövrlərində balıqçılıq da nəzərə alınmaqla, iri həcmli su anbarlarının tikintisinə başlamaq lazımdır. Bir neçə on il bundan öncə 44-ə qədər belə su anbarının tikilməsinin zəruri olduğu elmi cəhətdən müəyyən edilmiş və həmin mövzuda şəxsən müsahibiniz tərəfindən müxtəlif medialar vasitəsilə Respublika hökumətinə davamlı olaraq müraciətlər edilmişdir. Məsələnin təəssüf doğuran hissəsi ondan ibarətdir ki, son illər ölkəmizdə su ehtiyatlarınin azlığından gileyləndiyimiz bir vaxtda müxtəlif bölgələrimizdə, hətta paytaxt Bakıda belə, güclü sel hadisələri ciddi fəsadlar törədir və hətta insanlarımız həlak olur. Belə daşqınlar nəticəsində mal-qaramız, digər təssərrüfat sistemlərimz xeyli ziyana düşür. Odur ki, bu mənada su ehtiyatlarımızdan gileylənmələr, müxtəlif əsassız rəqəmlər icad olunur...
Hesab edirəm ki, əgər məsələyə sırf elmi cəhətdən və su ehtiyatlarından istifadəyə müasir tələblərə uyğun yanaşılsa, başqa sözlə, respublikamızın mövcud su ehtiyatlarından düzgün, qənaətlə və səmərəli istifadə edilsə, eləcə də optimal su idarəçiliyini təmin edə bilsək, bütün növ təsərrüfat sistemimizin su ilə təminat məsələsi həll edilə bilər. Və ölkədə heş bir sahədə su qıtlığı yaranmaz. Hazırda biz paytaxtımıza 200-300 kilometrdən milyonlarla manatlıq vəsait hesabına insanların içməsi üçün gətirdiyimiz şirin su ilə maşın da yuyuruq, yaşıllıqları da suvarırıq. Halbuki, bunun başqa yolları var. Əldə olan məlumatlara görə, yalnız Bakı metropoliteni hər il tunellərin lay sularından təmizlənməsi üşün elektrik enerjisinə 300 min manat vəsait xərcləyir. Su ehtiyatlarına bu cür münasibət, təbii ki, ölkədə su qıtlığınə səbəb ola bilər. Hesablamalara görə, çox yaxın gələcəkdə bəşəriyyətin neft ehtiyacından sonra ən böyük və qorxulu ehtiyacı şirin suya olacaqdır...
Yeri gəlmişkən, bu yaxınlarda mənə işğaldan azad edilmiş ərazilərimizdəki içməli su ehtiyatlarımızdan paytaxtımızın su tələbatı üçün istifadə barədə sorğu göndərilmişdi. Hələ keçmişdə toxunulmuş problemdir. Vaxtilə sözügedən ərazilərin tədqiqatçısı kimi deyə bilərəm ki, ərazidə mineral tərkibinə görə çox qiymətli su mənbələri mövcuddur və həmin sulardan səmərəli istifadə məsələləri də önəmlidir. Müqayisə üçün deyim ki, təbii şəkildə vulkanik süxurlardan süzülüb gələn bu sular sanitar- gigienik normasına, mineral tərkibinə və neytral mühitinə görə bizim hazırda istifadə etiyimiz sulardan qat-qat üstündür. Codluğu cox yüksək olan(pH 8,6) islətdiyimiz Şollar, Oğuz-Qəbələ suyundan qərb ölkələri nəinki içmək üçün, heç ev heyvanlarını çimizdirməyə belə, işlətməzlər...
Onu deyim ki, Ağdərə ərazisində Sərsəng su anbarından Bakıya su kəməri çəkilməsi məsələsi artıq gündəmdədir. Hesablamalara əsasən, uzun müddət baxımsız qalan bu su anbarinin (ehtiyatı 250 mln kub m.) yenidən istifadəsi üçün 20 milyon manat vəsait lazımdır. Heç bir elektrik enerjisi sərf etmədən dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşən bu anbarın suyunun paytaxta nəql etmək, amma ondan yalnız içməli su kimi istifadə etmək daha məqsədə uyğundur.
Fikrimcə, bütün bunları nəzərə alaraq ölkədə su ehtiyatlarından daha səmərəli istifadə üçün xüsusi Dövlət Proqramı hazırlanmasına ehtiyac vardır. Əvvəldə bəhs etdiyimiz, gecikmiş olan 44-ə qədər, yalnız ən müasit tələblərə uyğun su anbarlarının tikintisinə də başlamanın vaxtıdır. Təbii ki, əhali artdıqca sudan istifadə həcmi də artır. Hər bir insanın bütün əsas gündəlik tələbatlarının ödənməsi üçün sutkalıq minimum 150-200 litr su lazım olur. Burda da müasir texnologiyalara xüsusi diqqət verilməlidir...
Bir faktı qeyd edim ki, bir neçə il bundan qabaq dünyanın muasir şəhərlərindən birində sanitar qovşağında rast gəldiyim “turbolent”, yəni “burulma” üsuluna keçsək, beş-alti myonluq şəhərimizdə hər gün litr hesabılə bir o qədər həcmdə suya qənaət edə bilərik. Bəli, hər şey elmi yanaşmadan və səmərəli istifadədən asılıdır. Təəssüf ki, bunun əksi olanda gördüyümüz bir çox işlərdən gəlir götürmək əvəzinə külli miqdarda zərərə düşürük. Məsələn, bu gün qıtlığından daha çox danışdığımız su ilə 2,5 milyon hektarlıq Kür-Araz ovalığının torpaqlarını məhv etmişik. Halbuki, həmin ərazidən götürdüyümüz məhsul 2,5 milyon əhalini ərzaqla təmin edirdi. Amma indi həmin torpaqlar ağappaq şoran səhralara çevrilib. Niyə? Ona görə ki, uzun illər buradakı suvarma sistemimizdən eramızdan əvvəlki qayda ilə istifadə etmişik! İndi də çox yerdə eyni qaydada davam edirik. Nəticədə bütöv ərazisi dəniz altından çıxan bu əraziləri selləmə suvararaq, alt qatdakı asan əriyən müxtəlif növ duzları kapilyarlar vastəilə üzə çıxarmaqla bu qədər torpaq ehtiyatımızı dövriyyədən çıxarmışıq. Başqa sözlə, öncə dediyimiz qədər vətəndaşımızı rüzisiz qoymuşuq! Min illər ərzində bərəkətli olan bu torpaqların indi bərpası üçün milyardlarla vəsait tələb olunur...
Qeyd etdiyim kimi, bu günkü su ehtiyatlarımızın səmərəli istifadəsi üçün müasir dünya standartlarına uyğun suvarma sistemlərinin tətbiqi zəruridir. Yeni texnologiyalarla su təchizatını artırmaq, eyni zamanda köhnəlmiş suvarma sistemlərini təkmilləşdirmək vacibdir. Bu işlər isə çoxlu sərmayə tələb edir, lakin yalnız bu yolla su ehtiyatlarımızı qoruyub, vətəndaşlarımızı etibarlı su və ərzaqla təmin etmək mümkündür. Öncə dediyim kimi, Kür və bəzi “Şollar” dediyimiz suları isə texniki və digər məqsədlər üçün istifadə etsək, daha yaxşı olmazdımı? Bilirsiz, problemi deməklə iş düzəlmir, gərək real iş görəsən. Problemin biri də ondan ibarətdir ki, ölkədə bir çox sahələrdə olduğu kimi, su təsərrüfatını da həmin sahədən xəbəri olmayan əməkdaşlar idarə edir. Bu sahədə heç bir nəzəri, praktiki təcrübəyə malik olmadan yalnız quru rəqəmlərlə danışmaqla iş bitmir. Və sonuc olaraq, deməliyəm ki, su təsərrüfatı sahəsində ciddi tədqiqatlar aparılmalı, dövlət və elmi mütəxəssislər bir araya gələrək, su ehtiyatlarının qorunmasına yönəlmiş genişmiqyaslı tədbirlər həyata keçirməlidirlər. Bu sahədə mütəxəssis çatışmazlığı da mövcuddur və ixtisaslı işçilərin yetişdirilməsi vacibdir. Su ehtiyatlarının idarə edilməsi təkcə rəqəmlərlə deyil, həm də nəzəri yanaşmalarla həyata keçirilməlidir...”
Təqdim etdi:
Sultan Laçın