Manatla verilmiş  kreditlər niyə bahalaşır? 
İqtisadiyyat
350
15:18, Bu gün

Manatla verilmiş  kreditlər niyə bahalaşır? 

Manatla verilmiş kreditlər bahalaşıb. Cari ilin sentyabr ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18.52% təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ilin əvvəli ilə müqayisədə 1.96 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2.40 faiz bəndi artıb.
Qeyd edək ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28 milyard 704.9 milyon manata bərabər olub. Kredit portfelinin 15 milyard 91.8 milyon manatı biznes kreditləri, 9 milyard 114.5 milyon manatı istehlak kreditləri, 4 milyard 498.6 milyon manatı isə ipoteka kreditləri təşkil edib.
Bəs manatla verilmiş  kreditlər niyə bahalaşır? 
 
İqtisadçı ekspert  Xalid Kərimli deyib ki, manatla verilmiş kreditlərin bahalaşmasının əsas səbəbi bankların manat cəlbi üçün resursların qiymətinin artmasıdır:
 
"Son illərdə depozit faizləri yüksəlib: iri banklarda əvvəl 6–7% olan faizlər indi 10–11%, bəzi hallarda 11–12%-ə çatıb. Kiçik və orta banklar da eyni şəkildə daha yüksək faiz ödəyərək depozit toplamağa məcbur olurlar.
Birinci səbəb,  Mərkəzi Bankın məcburi ehtiyat normalarını artırmasıdır. 2023-cü ilin dekabrında qəbul edilən qərarla bankların əmanət və cari hesablar üzrə saxlamalı olduqları ehtiyat normasının həcmi 20–25%-ə qədər qaldırılıb. Mərkəzi Bank bununla bağlı arqument olaraq bildirirdi ki, əhalinin əlindəki artıq nağd vəsaiti bank sektoruna cəlb etmək, eyni zamanda depozit faizlərinin artmasına şərait yaratmaq lazımdır. Nəticədə bankların ucuz vəsait əldə etmək imkanları məhdudlaşdı və kreditlərin qiyməti bahalaşdı.
İkinci səbəb, rəqabət və pul kütləsinin cəlbi amilidir. Əhalinin əlində böyük həcmdə nağd vəsait olduğundan banklar bunu depozitlər vasitəsilə cəlb etməyə çalışır. Lakin iri banklar daha ucuz vəsait əldə edə bilirdilər, kiçik və orta banklar isə daha baha qiymətə pul toplamaq məcburiyyətində qalırdı. Bu da banklar arasında rəqabət balansını pozurdu.
Nəticə etibarilə, bankların əlində ucuz vəsait qalmadı, depozit faizləri artdı və bu da kreditlərin bahalaşmasına gətirib çıxardı”.
 
İqtisadçı  vurğulayıb ki, bankların əlindəki ucuz vəsaitlər tükəndikdən sonra kreditlərin qiyməti də artmağa başladı:
 
“Əsas problem ondadır ki, kredit faizləri yüksəlsə də, əhalinin kreditə olan tələbatı azalmayıb. Faizlər qalxdıqca normal halda kredit götürməyə maraq azalmalı idi. Amma son illərdə bunun əksini gördük – əhali bahalı kreditlər götürməyə davam edir və kredit portfeli kiçilmək əvəzinə böyüyür. Bu, sadəcə bank resurslarının bahalaşmasının əhaliyə ötürülməsi deməkdir. Bank daha baha pul cəlb edirsə, satdığı məhsulun – kreditin də qiyməti bahalaşır”.
 
Ekspert əlavə edib ki, kredit portfelinin artım tempi ölkə iqtisadiyyatının artımını xeyli üstələyir:
“Bu il artım bir qədər zəifləyərək 11–12%-ə düşsə də, əvvəlki illərdə kredit portfeli 18–20% böyüyüb. Halbuki iqtisadiyyatın artımı bu il 1% olub. Yəni bank sektorunda kreditlərin artımı iqtisadi artımı dəfələrlə qabaqlayır”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər