Bizi sosial şəbəkələrdən izləyin:
Mərkəzi Bankın sədri Taleh Kazımov qlobal maliyyə mənzərəsində ən dinamik və strateji əhəmiyyətli sahələrdən birinə çevrilmiş ödəniş sistemlərini müasir iqtisadiyyatın əsas sütunu adlandırıb.
Mərkəzi Bankdan Moderator.az-a verilən məlumata görə, AMB sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı - İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi (OIC-COMCEC) Mərkəzi Banklarının 7-ci Forumunda iştirak etmək məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərində işgüzar səfərdə olub.
Sədr forumda “Ödəniş xidmətləri və sərhədsiz əməliyyatlar: praktik sessiyadan nəticələr” mövzusunda çıxış edərək ödəniş sistemləri və transsərhəd əməliyyatlara dair fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Sədr ödəniş xidmətlərinin, xüsusilə də transsərhəd ödənişlərin daha sürətli, şəffaf və əlçatan olmasının təmin edilməsi üçün rəqəmsal infrastruktura investisiyalar yatırılması, sistemlər arasında qarşılıqlı əlaqə yaradılması və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edilməsinin zəruriliyini vurğulayıb. Həmçinin o bildirib ki, qlobal maliyyə mənzərəsində ən dinamik və strateji əhəmiyyətli sahələrdən birinə çevrilmiş ödəniş sistemlərini müasir iqtisadiyyatın əsas sütunudur.
Əlavə olaraq, Taleh Kazımov “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində ölkəmizdə milli ödəniş sisteminin təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, həmçinin təhlükəsiz və effektiv ödəniş xidmətlərinin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib.
Qeyd edək ki, OIC-COMCEC çərçivəsində mərkəzi banklar və monetar orqanların toplantıları 2009-cu ildən etibarən Türkiyənin İstanbul şəhərində keçirilməyə başlayıb. Bu toplantılar üzv ölkələrin mərkəzi bankları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi, birgə fəaliyyətlərin gücləndirilməsi, həmçinin monetar, bank və maliyyə məsələlərinin müzakirəsi üçün mühüm platforma hesab olunur.