Bahalaşma fonunda əməkhaqqı və təqaüdlər artırılacaq?  – Rəy
İqtisadiyyat
550
16:40, Bu gün

Bahalaşma fonunda əməkhaqqı və təqaüdlər artırılacaq?  – Rəy

Məlum olduğu kimi, 1 oktyabr 2025-ci il tarixindən etibarən ölkədə ictimai nəqliyyatda gediş haqqı artırılacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində metro tarifləri bir gediş üçün 60 qəpik, müasir avtobus marşrutlarında isə məsafədən asılı olaraq minimum 60 qəpik müəyyən edilib.  Qeyd edək ki, bəzi avtobuslarda gediş haqqı 60 qəpikdən də baha olub.
 
Ərzaq və xidmətlərin bahalaşdığı bir dönəmdə əhalinin sosial rifahını qorumaq üçün minimum əməkhaqqı və pensiyalarda artım ola bilərmi?
 
Moderator.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, əmək pensiyaları əsasən orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq artırılır:
 
“Təxminən orta aylıq əməkhaqqı bu ilin səkkiz ayına görə 7-8 faiz artıb. Yəni qarşıdakı aylarda bu göstərici aşağı düşməsə və yaxud yuxarı qalxsa, əmək pensiyasının artım tempi indeksasiya, yəni səkkiz faizin üstündə olacaq. Ənənəyə görə,  minimum əməkhaqqı  bir il artırılır, bir il artırılmır. Bilirsiniz ki, ötən il minimum əməkhaqqı artırılaraq 400 manata çatdırılıb. Yəqin ki, ənənəyə sadiq qalaraq bu il minimum əməkhaqqının məbləği artırılmayacaq. Amma bu da müəyyən parametrlərdən asılıdır. Əgər ölkədə bütün qiymətlər artmaqda davam etsə və inflyasiya güclənsə, həmin təsirləri kompensasiya etmək üçün hökumət, yəqin ki, ümumi əməkhaqqının, eləcə də digər sosial müavinət və pensiyaların artırılması barədə düşünəcəkdir. Qeyd edək ki, 2026-cı il üçün 41,5 milyard manatlıq  büdcə açıqlanıb. 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nəzərən 874,7 milyon manat və ya 2 faiz artımdır.  Büdcənin təxminən iki faiz artırılması o qədər də yüksək artım tempi deyil. Məsələn, ötən illə müqayisədə bu il büdcə artımları kifayət qədər aşağıdır. Bu isə onu göstərir ki, hökumət müavinət və pensiyaların, o cümlədən minimum əməkhaqqının artırılmasını reallaşdırmaq fikrində deyil. Əgər belə olsaydı, onda dövlət büdcəsinə də nəzərəçarpacaq artımlar daxil edilərdi”.
 
İqtisadçı gedişhaqqının artırılmasına da münasibət bildirib:
 
“İctimai nəqliyytada qiymətlərin  artması əlbəttə, bu, əhalinin həssas sosial qruplarının həyat tərzinə, gündəlik yaşamına ciddi təsir göstərəcəkdir. Bu səbəbdən də hökumət həmin təsirləri kompensasiya etmək üçün mütləq addımlar atmalıdır. Hər hansı formada bu qiymət artımlarının yükü həssas təbəqələrin üzərinə tam şəkildə qoyulmamalıdır”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər