Bizi sosial şəbəkələrdən izləyin:
Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" şirkətinin məxsus olduğu "MIP S.p.A" şirkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb.
Moderator.az xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub.
Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A"nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb.
Əməliyyatın ənənəvi bağlanış şərtlərindən və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq, 2026-cı ilin birinci rübündə tamamlanması gözlənilir. Saziş SOCAR-ın 2024-cü ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli “M&A” prosesinin nəticəsidir.
“Italiana Petroli” İtaliyanın ən böyük inteqrə olunmuş “downstream" platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təqribən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və bütün ölkəni əhatə edən logistika sisteminə malikdir.
Şirkət təcrübəli yerli idarəçi komanda və təhlükəsizlik, uyğunluq və səmərəliliyə diqqəti ilə tanınan peşəkar işçi heyəti tərəfindən idarə olunur, müştərilər və fəaliyyət göstərdiyi icmalar arasında güclü reputasiyaya sahibdir. SOCAR IP-nin möhkəm bazar mövqeyini, nüfuzunu qorumaq və daha da gücləndirmək üçün şirkət komandası ilə əməkdaşlığı davam etdirməyi, həmçinin müştərilərə, tərəfdaşlara və maraqlı tərəflərə yüksək keyfiyyətli xidmətlərin fasiləsiz çatdırılmasını təmin etməyi planlaşdırır. SOCAR işçi qüvvəsini azaltmayacaq və şirkətin strategiyasına uyğun olaraq ətraf mühitə hörmət onun İtaliyadakı fəaliyyətində prioritet istiqamət olacaq.
Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunun genişləndirilməsi istiqamətində mühüm mərhələdir və Azərbaycanın İtaliya ilə ikitərəfli iqtisadi və enerji əlaqələrinin möhkəmləndirilməsinə, eyni zamanda Avropa regionunun enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə vermək öhdəliyini əks etdirir.
Qeyd edək ki, “Italiana Petroli” 1933-cü ildən mobillik və downstream (paylama və satış) sahəsində fəaliyyət göstərir. 1.600 işçisi, 4.500 IP markalı yanacaqdoldurma məntəqəsi şəbəkəsi, iki neftayırma zavodunda təxminən 10 milyon ton emal gücü və bütün ölkə üzrə yayılmış logistika sistemi ilə şirkət bazarda ilk özəl oyunçudur.