Qanunvericiylə əsasən bankdan kredit götürən vətəndaş borcunu müntəzzəm ödəməlidir. Təbii ki, əsas məbləğı və ona hesablanmış borcu. İnsanlar faiz ödənişlərinin çox olmaması üçün imkan daxilində borclarını tez ödəməyə çalışırlar. Belə olan halda bank müştərisinə güzəşt edirmi?
Borcunu vaxtından tez bağlayan şəxs qalıq məbləğini ödəyir, yoxsa faizi borcunu ödəməyə davam edir?
Moderator.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, kredit üzrə faizlər qalıq borc üzərindən hesablanır və borcunu vaxtından əvvəl ödəyən şəxs əlavə faiz ödəmək məcburiyyətində qalmır:
“Məsələn, siz 1000 manat kredit götürmüsünüzsə, illik 20 faizlə bu məbləğin faizi 200 manatdır. Əgər müəyyən hissəni ödəyib borcunuzu 800 manata endirsəniz, faiz də 160 manata düşəcək. Yəni əsas borc azaldıqca faiz də azalır. Heç kim 10 min manat kredit götürdüyü halda hər zaman həmin məbləğin üzərindən faiz hesablamır. Hər dəfə qalıq məbləğə faiz tətbiq olunur və yeni borc öhdəliyi buna uyğun hesablanır”.
İqtisadçı vurğulayıb ki, vaxtından əvvəl borc bağlamaq istəyən şəxs yalnız qalıq borc və həmin günə qədər hesablanmış faizləri ödəyir:
“Məsələn, siz 10 min manat kredit götürmüsünüzsə, illik 20 faizlə bir ildə 2 min manat faiz ödəməli idiniz. Amma borcun bir hissəsini vaxtından əvvəl ödədiyiniz halda qalıq borcunuz 8 min manata enir. Faiz isə həmin tarixə qədər olan günlər üçün ayrıca hesablanır. İllik 20 faiz 365 günə bölünür və gündəlik faiz hesablanır. Siz yalnız bu hesablamalara uyğun olaraq borcu bağlayırsınız”.
X. Kərimli əlavə edib ki, bəzən müqavilələrdə borcun vaxtından əvvəl bağlanmasına görə cərimə və ya əlavə komissiya nəzərdə tutulur:
“Banklar adətən belə cərimələr tətbiq etmir, amma hər halda müqaviləni diqqətlə oxumaq lazımdır. Çünki bəzi hallarda bu şərtlər qeyd oluna bilər. Sözügedən məsələ təkcə banklarla yox, digər maliyyə və biznes qurumları ilə də bağlıdır”.
Vətəndaş borcunu tez ödəməklə öz xeyrinə addım atmış olur: həm kredit yükü azalır, həm də faiz ödənişi".