Faizsiz borc verən İslam bankçılığı: Sahibkarlara böyük fürsət - Araşdırma
İqtisadiyyat
638
12:40, Bu gün

Faizsiz borc verən İslam bankçılığı: Sahibkarlara böyük fürsət - Araşdırma

Bu gün islam bankçılığı özünün inkişaf mərhələsini yaşamaqdadır. İslam bankçılığı ənənəvi bank sektorundan fərqli olsa da, maliyyə qurumu ildən-ilə dünyada daha da məşhurlaşır və sərfəli maliyyə həlləri təklif edir.  İslam  bankçılığı şəriətin dini qaydalarına riayət etməklə bank işinin aparılması üsuludur. Bu növ bankçılıqda faizlər (ərəbcə "Riba") qadağandır. İslam bankçılığının əsas prinsipləri mənfəət və zərərin bölüşdürülməsi, faizin qadağan edilməsidir.
 
Biznes və istehlak kreditləri
İslam bankçılığının ən çox yayılmış xidmətlərindən biri - istehlak kreditidir. Əgər vətəndaş sosial ehtiyacları üçün kredit götürürsə, yalnız həmin məbləği geri qaytarır. Bu halda müştəri banka bu məbləği hissə-hissə ödəyir. Müqavilədə gecikmə rüsumları və ya cərimələr nəzərdə tutulmur, buna görə də bank əməliyyatın onun üçün riskli olmasın deyə əvvəlcə müştərinin ödəmə qabiliyyətini daha yaxşı təhlil edir.
İslam bankının ənənəvi banklardan əsas fərqi biznes kreditlərindədir. İslam bankı müştəriyə biznes krediti verdikdə  şərik olur. Əgər müştəri islam bankının kreditindən istifadə edərək nəzərdə tutduğundan daha çoxlu gəlir əldə edirsə, banka da müvafiq olaraq daha çox pay ödəməli olur. Bank ,eyni zamanda, riskləri müştəri ilə bölüşür. Yəni bank investor, treyder kimi fəaliyyət göstərir və pay şəklində mənfəət əldə edir.
 
İpoteka kreditləri
İslam bankı  müştərinin almaq istədiyi bir malı/daşınmaz əmlakı özü alır. Daha sonra həmin əmlakın üstünə  müəyyən məbləğ qoyaraq yenidən müştəriyə satır. Müştəri həmin məbləği müəyyən edilmiş müddət ərzində bərabər ödənişlərlə geri qaytarır. Kommersiya bankına olan kredit ödənişi gecikdiriləndə əlavə cərimə faizləri hesablanır, islam bankı isə  bu gecikmələri bağışlayır.
 
Depozitlər
İslam bankına depozit yatırarkən müştəri bankın şəriki qismində çıxış etməyə başlayır. Bankın gəlirləri yüksək olduqda müştəri də öz depozitinə yüksək gəlir əldə edir. Əksinə, bank mənfəət əldə etmədikdə müştəri də öz depozitinə heç nə əldə etmir.
 
Qeyd edək ki, hazırda  Azərbaycanda da islam bankçılığı ilə bağlı hüquqi baza hazırlanır.
Belə ki, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Sözügedən sənəddə islam bankçılığının inkişafı öz əksini tapıb. 2022-ci ildə Azərbaycanda islam bankçılığına təlabatı öyrənmək üçün araşdırma aparılıb. Məlum olub ki, islam bankçılığı fəaliyyətə başlayacağı təqdirdə 82%-ə yaxın kiçik və orta sahibkarlıq subyektləri bu bankın xidmətlərindən istifadə edəcək. Ekspertlərin sözlərinə görə, bu ölkədə maliyyə işinin inkişafına təkan verəcək.
 
Moderator.az-a danışan İqtisadi Resursların Öyrənilməsi mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyev bildirib ki, bu gün dünyanın 135 ölkəsində tətbiq olunan İslam bankçılığının dövriyyəsi statistik məlumatlara əsasən 3,3 trilyon dollara yaxındır. Onun sözlərinə görə, Azərbaycanda İslam bankçılığı tətbiq olunduğu halda, ilkin hesablamalara görə, bank sektorunda təxminən 800 milyon – 1 milyard manat məbləğində əlavə aktivlərin yaranacağı gözlənilir:
 
“Azərbaycanda İslam bankçılığı tətbiq olunduqda bir sıra alətlərdən istifadə edilə bilər. Məsələn, “Mudaraba” (Mudarabah)  aləti ortaqlıq prinsipi əsasında insanların evdə saxladıqları yığımları bank sektoruna gətirmək imkanı yaradır. Bununla yanaşı, digər alətlər də var ki, sahibkarlıq subyektləri bu imkanlardan faydalana bilərlər.
Digər mühüm alətlərdən biri “Murabaha”dır (Murabahah). Bu, ticarət əsasında işləyən bir mexanizmdir və istehsal müəssisələrinin avadanlıq və xammalla təmin olunmasına böyük dəstək göstərir.  Müşarəka (Musharakah) – Şirkət ortaqlığıdır. Bank və müştəri birlikdə layihəyə vəsait qoyur, həm mənfəət, həm də risk bölüşdürülür. Bütün bunlar kiçik və orta sahibkarlığın inkişafına təkan verə bilər”.
 
R. Atakişiyev əlavə edib ki, İslam bankçılığının inkişafı nəticəsində 30-35 minə yaxın yeni müştərinin maliyyə sektoruna cəlb olunması mümkündür:
 
“Bu, xüsusilə kənd təsərrüfatı və kiçik sahibkarlıq üçün əlavə maliyyə imkanlarının yaradılması deməkdir. 
İslam bankçılığı faizsiz sistemdir, burada verilən vəsait faizlə deyil, ortaqlıq prinsipi əsasında dividend və ya ticarət gəliri şəklində geri qayıdır. Bu isə daha sağlam və ədalətli maliyyə mühitinin formalaşmasına imkan verir”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər