Azərbaycan – ŞƏT əlaqələrində yeni dövr: Şərqlə Qərbin qovşağında Bakı faktoru
İqtisadiyyat
321
16:11, Bu gün

Azərbaycan – ŞƏT əlaqələrində yeni dövr: Şərqlə Qərbin qovşağında Bakı faktoru

Xəbər verdiyimiz kimi,  bu gün  ŞƏT sammitinin rəsmi proqramı başlayıb. Şanxay Əməkdaşlıq Təşkilatı “ŞƏT tərəfdaşı” adlı vahid status yaratmağa qərar verib. Tyançzin sammitində qəbul edilən bəyanatda bildirilib ki, üzv dövlətlər “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını birləşdirərək “ŞƏT tərəfdaşı” statusunu təsis ediblər. Təşkilata Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus daxildir. Müşahidəçi ölkələrə Əfqanıstan və Monqolustan, dialoq tərəfdaşlarına isə Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qatar, Küveyt, Maldivlər, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka daxildir.
 
Moderator.az-a açıqlama verən  Almaniyada yaşayan iqtisadçı Murad Calalov bildirib ki, Azərbaycan Respublikasının xarici siyasəti son illərdə sürətlə inkişaf edir.  Onun sözlərinə görə, bu, Azərbaycan Prezidentinin digər ölkələrlə qurduğu münasibətlərdə də aydın şəkildə görünür:
 
 “Dövlət başçısının yaxın zamanda ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşməsi və səmimi söhbət aparması iki ölkə arasında yüksək səviyyəli münasibətlərin göstəricisidir. Bu, həmçinin Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və güclənən mövqeyinin bariz sübutudur. Azərbaycanın diplomatik uğurları digər ölkələrin də diqqətini çəkir. Vaxtilə Azərbaycana yaxınlaşmaqda tərəddüd edən Türkmənistan kimi dövlətlərin indi əlaqələri daha da gücləndirmək istəyi, həmçinin iqtisadi gücü və ticarət potensialına görə dünyanın ən aparıcı ölkələrindən biri olan Çin Xalq Respublikasının Azərbaycan Prezidentinə göstərdiyi yüksək səviyyəli münasibət bunun bariz nümunəsidir. Bu faktlar Azərbaycanın qalib dövlət statusunun, güclü iqtisadiyyatının və beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. ABŞ kimi dünya nəhəngi olan bir ölkənin də Azərbaycana yüksək diqqət göstərməsi, digər ölkələrin də Azərbaycanla yaxın əlaqələr qurmaq istəyinə səbəb olur. Artıq ölkəmizə təkcə siyasi deyil, həm də iqtisadi baxımdan dost münasibəti göstərən dövlətlərin sayı artır”.
 
 İqtisadçı vurğulayıb ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yeni  tərəfdaş statusuna daxil olması ölkəmiz üçün bir sıra üstünlüklər vəd edir:
 
 “Bu üstünlüklər müxtəlif sahələrdə özünü göstərəcək. İlk növbədə, bu addım qlobal miqyasda böyük əhəmiyyət daşıyan təhlükəsizlik sahəsində mühüm rol oynayacaq. ŞƏT-in əsas məqsədlərindən biri regional sabitliyin qorunmasıdır. Qafqaz regionu isə tarixən “barıt çəlləyi” adlandırılan və tez-tez münaqişələrə şahidlik edən bir coğrafiyadır. Bu baxımdan, Azərbaycanın təşkilatda  yeni tərəfdaş statusu regional sülh və sabitliyin güclənməsinə mühüm töhfə verə bilər.
Bundan əlavə, Azərbaycan İpək Yolunun üzərində yerləşən strateji “qapı” rolunu oynayır. Ölkəmiz Şərqlə Qərbi birləşdirən mühüm tranzit mərkəzi kimi çıxış edir. Burada sabitliyin qorunması təkcə Azərbaycan üçün deyil, həm də qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın ŞƏT-də tərəfdaşlığı həmçinin geosiyasi tarazlığın güclənməsinə xidmət edəcək. Bu, Qərb ölkələri, xüsusilə Avropa və ABŞ-la münasibətlərdə balansın saxlanması baxımından da mühüm addımdır”.
 
Murad Calalov vurğulayıb ki  "ŞƏT tərəfdaşı’ statusunun təsis edilməsi və Azərbaycanın bu statusu qazanması ölkəmizin regiondakı rolunu daha da möhkəmləndirəcək:
 
 “Azərbaycanın Şərqlə Qərbi birləşdirən tarixi İpək Yolunun üzərində yerləşməsi bu inteqrasiyanı strateji cəhətdən əhəmiyyətli edir və iqtisadiyyatda ciddi canlanma yaradacaq. Bu xüsusda nəqliyyat dəhlizlərinin inkişafı, xüsusilə Zəngəzur dəhlizinin açılması, ölkəmiz üçün böyük üstünlüklər vəd edir.
Azərbaycanın təşkilatın üzv ölkələri ilə əməkdaşlığı Xəzər regionunu, Mərkəzi Asiyanı və Çini birləşdirən Orta Dəhliz layihəsində daha fəal iştirakına imkan verəcək. Bu da Azərbaycanın qlobal logistika xəritəsindəki “Şərqlə Qərbin qapısı” statusunu möhkəmləndirəcək.
Eyni zamanda, Azərbaycanın enerji sahəsində ixrac imkanları da genişlənəcək. Neft və qaz ixracatçısı kimi ölkəmiz bu resurslara ehtiyacı olan dövlətlərə daha güclü şəkildə enerji təmin edə biləcək və iqtisadi gəlirlərini artıracaq.
Son məlumatlara görə, Hindistan Azərbaycanın ŞƏT-ə qoşulmasına qarşı çıxır və bu prosesi bloklamağa çalışır. Lakin bu cəhdlərin nəticəsiz qalacağı gözlənilir. Çünki Azərbaycan həm iqtisadi, həm siyasi, həm də geostrateji baxımdan təşkilat üçün böyük önəm daşıyır və bu mövqeyini daha da möhkəmləndirməkdədir”.
 
Mehin  Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər