“Bütün bunlarla bərabər, sözsüz ki, prezident Pezeşkian mütərəqqi insandır və həmişə xalqın çətinlikləri ilə maraqlanıb. O cümlədən seçkiqabağı dövrdə də İran xalqının bütün ciddi problemlərini dilə gətirdi...”
“İranın daxilində də sosial-siyasi mühit getdikcə daha da gərginləşir. Bu gərginləşmənin ilk səbəbi də həll olunmamış iqtisadi-sosial problemlərdir. Artıq su çatışmazlığı Tehranda və bir çox şəhərlərdə, ostanlarda, vilayətlərdə əhali üçün əsas və çox ciddi problemə çevrilib. 16 vilayətdə çox kəskin su çatışmazlığı əmələ gəlib”.
Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov bu məlumatı Moderator.az-a açıqlamasında İsraillə növbəti savaş ərəfəsində olduğu görünən qonşu ölkədəki iqtisadi-sosial durumdan danışarkən nəql edib.
“Bir vaxtlar belə bir söhbət var idi ki, İrana xarici investisiya cəlb ediləcək və ölkənin su probleminə investisiya qoyulacaq və həmin müşkül həllini tapacaq. Amma mövcud vəziyyətdə, bu şəraitdə ölkəyə investisiya yatırılacağı ehtimalı çox aşağıdır. Bu, real deyil. Bununla bərabər, İran dövləti üzərində olan, qalan embarqolar, sanksiyalar da onun istədiyi kimi neft, qaz məhsullarını, digər məhsullarını dünya bazarına çıxararaq satışını təşkil etməyə böyük əngəl törədir. Sanksiyalar öz işini görür. Belə bir vəziyyətdə gərginlik getdikcə artır, əhalinin sosial problemləri, narazılıq gündən-günə artır”, - davamında həmsöhbətimiz belə deyib.
“Bəs prezident Məsud Pezeşkian bu cür daxili, iqtisadi-sosial problemlərin həlli üçün nəsə etmək iqtidarındadırmı?” sualını isə diplomat belə cavablandırıb:
“Elə ən böyük problem ondadır ki, İranda yalnız siyasi məsələlərin deyil, iqtisadi məsələlərin də həlli birinci şəxsdən – yəni dövlətin rəhbəri sayılan, Ali Dini Lider Ayətullah Xameneidən asılıdır. Bütün məsələlər barədə son qərarı verən şəxs odur. Yəni təəssüf ki, Pezeşkianın iqtisadi sahədə də səlahiyyətləri çox məhduddur. Bayaqdan sadaladığımız problemlərin həlli üçün isə böyük vəsait lazımdır. Həmin vəsaitin ayrılması üçün Xamenei sərəncam verməlidir. Amma o vəsait də yoxdur... Və bir daha deyirəm ki, ölkədəki iqtisadi-sosial, o cümlədən su, işıq, qaz problemlərinin həllində də Pezeşkiandan zərrə qədər asılı olan bir şey yoxdur... Və ötən həftə Pezeşkian çıxışlarından birində demişdi ki, su ilə bağlı problemlər var, bunları həll etmək üçün suya qənaət etməliyik. Həmin çıxışından sonra mətbuatda onu tənqid etdilər ki, o, prezident olaraq problemləri həll etməlidir. Amma yəqin, çoxu hələ də bilmir ki, İran prezidentinin bu sosial müşkülləri həll etmək üçün əlində heç bir real imkan yoxdur. Onun səlahiyyətləri siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də çox məhduddur. Büdcə məsələləri də bilavasitə Ali Dini Liderin səlahiyyətindədir. Pezeşkian prezident olaraq yalnız Xameneinin qarşısında hansısa sahəyə vəsait ayrılması üçün təşəbbüs qaldıra, təkliflər verə bilər...
Bütün bunlarla bərabər, sözsüz ki, prezident Pezeşkian mütərəqqi insandır və həmişə xalqın çətinlikləri ilə maraqlanıb. O cümlədən seçkiqabağı dövrdə də İran xalqının bütün ciddi problemlərini dilə gətirdi. Amma, dediyim kimi, bütün problemlərin həlli üçün müvafiq büdcə olmalıdır. O büdcə isə prezidentdən asılı deyil...