Avropanın iqtisadi lideri Çindən uzaqlaşır – “Bu, Aİ üçün təhlükə yarada bilər”
İqtisadiyyat
2235
20 May 2025 | 12:39

Avropanın iqtisadi lideri Çindən uzaqlaşır – “Bu, Aİ üçün təhlükə yarada bilər”

“Almaniyanın yeni kansleri Fridrix Mers bu ay ilk əsas siyasət çıxışını etdi və burada Berlinin Çin siyasətində ehtiyatlı, lakin əhəmiyyətli bir dəyişikliyi bəyan etdi. O, Çinin Almaniya və Avropa İttifaqı üçün qlobal və iqtisadi çağırışların həllində “vacib tərəfdaş” statusunu bir daha təsdiqləsə də, artıq tanış olan ifadəni – “strateji risklərin azaldılması”nı təqdim etdi. Bu, əlaqələrin kəsilməsi siyasəti deyil, lakin iqtisadi asılılıqların yenidən qiymətləndirilməsi niyyətini göstərir”
 
Bunu Moderator.az-a açıqlamasında beynəlxalq inkişaf üzrə ekspert və qlobal məsələlər üzrə şərhçi Qeysər Nəvab deyib.
 
Onun sözlərinə görə, ixraca əsaslanan istehsalat, yüksək texnologiyalı mühəndislik və mürəkkəb qlobal təchizat zəncirlərinə söykənən Almaniya iqtisadiyyatı uzun müddətdir Çin bazarına və istehsal gücünə arxalanıb:
 
“Çin artıq səkkiz ildir ki, Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə bu iki ölkə arasında ikitərəfli ticarətin həcmi 246 milyard avronu keçib. Çin Almaniyadan avtomobillər, maşınlar və kimyəvi məhsullar idxal edir, əvəzində isə əsas komponentlər, elektronika və getdikcə daha çox yaşıl texnologiyalar tədarük edir.
Buna görə də, asılılığın azaldılması ideyası, Almaniyanın ixrac yönümlü iqtisadiyyatının Çinin tələbatı və istehsal şəbəkəsi ilə sıx inteqrasiya olunması kimi struktur reallıqlar fonunda qiymətləndirilməlidir. “Volkswagen” və “BMW” kimi alman avtomobil istehsalçıları digər hər hansı bir bazardan daha çox avtomobili məhz Çində satırlar. Çinin Almaniyadakı investisiyaları – xüsusilə yaşıl enerji, batareya istehsalı və sənaye avtomatlaşdırılması sahələrində – Berlinin dayanıqlılıq və innovasiya hədəflərinin əsas təminatçısına çevrilib. “Risklərin azaldılması” çağırışları, Avropa İttifaqı daxilində hər hansı bir iqtisadi tərəfdaşa həddindən artıq bağlılıqla bağlı daha geniş narahatlıqlar kontekstində qiymətləndirilməlidir. Lakin diversifikasiya (şaxələndirmə) əlaqələrin kəsilməsi kimi başa düşülməməlidir. Berlin və Pekin arasında iqtisadi münasibətlər o qədər çoxqatlı və yetkin xarakter daşıyır ki, onları bir gecədə, heç bir itki olmadan yenidən qurmaq mümkün deyil.
Bundan əlavə, Çin şirkətləri artıq yalnız ucuz təchizatçılar deyillər. Onlar yüksək dəyərli sənaye sahələrində getdikcə həm rəqib, həm də tərəfdaş kimi çıxış edirlər. Günəş texnologiyaları, elektromobil batareyaları və telekommunikasiya kimi sahələrdə Çinin üstünlüyü artıq qlobal bazar dinamikasını dəyişib. Əgər Almaniya sənaye strategiyası rəqabət qabiliyyətini qorumağı hədəfləyirsə, bu yeniliklərlə əməkdaşlıq etməli olacaq – onlardan təcrid olmaqla deyil”.
 
Qlobal məsələlər üzrə şərhçi əlavə edib ki, bu prosesin Avropa İttifaqının daha geniş iqtisadi strategiyası üçün də nəticələri var. Çinin qlobal enerji keçidində, rəqəmsal infrastrukturda və təchizat zəncirlərinin dayanıqlılığında rolu, yəqin ki, daha da artacaq: 
 
“Əgər Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya strateji təhlükəsizlik baxımından zəruri səviyyədən artıq şəkildə Çinlə əlaqələrini məhdudlaşdırmağa başlayarsa, bu, Avropanın qlobal iqtisadi rəqabət qabiliyyətinə kollektiv şəkildə zərər verə bilər.
Bundan əlavə, alman şirkətlərinin təchizat zəncirlərini “mənəviyyatca yaxın” ölkələrə köçürmək perspektivi həm xərcləri artırır, həm də prosesin mürəkkəbliyini. Hindistan, Vyetnam və İndoneziya alternativlər kimi nəzərdən keçirilsə də, onların heç biri hələlik Çinin sənaye miqyasını, logistik səmərəliliyini və istehsal dərinliyini təkrarlaya bilmir. Təchizat zəncirlərinin yenidən qurulması siyasi imic baxımından qənaətbəxş görünsə də, bu, məhsuldarlığın azalmasına və Almaniya istehsalçıları üçün mənfəət marjlarının sıxılmasına səbəb ola bilər. Uzunmüddətli narahatlıq isə ondan ibarətdir ki, bu istiqamət dəyişikliyi Almaniyanın tarixi üstünlüklərini – açıqlıq, ticarət fəallığı və iqtisadi praqmatizmi – zəiflədə bilər. Əgər bu proses düzgün idarə olunmazsa, “risklərin azaldılması” (de-risking) köhnə problemləri həll etmədən yeni zəifliklər yaradan bir “həddindən artıq düzəliş” ifadəsinə çevrilə bilər.
Eyni zamanda, etiraf etmək vacibdir ki, Almaniyanın sənaye ambisiyaları – xüsusilə yaşıl transformasiya və rəqəmsal modernləşmə – nadir torpaq elementləri, batareya komponentləri və texnoloji tərəfdaşlıqlar tələb edir. Bu sahələrin çoxuna isə hələ də Çin istehsalçıları nəzarət edir. Standartlara və normativ şəffaflığa əsaslanan əməkdaşlıq çərçivəsi, müdafiə mövqeyindən daha çox sabitlik vəd edə bilər.
Almaniya iqtisadiyyatının gücü uzun illər boyu qurmaq, ixrac etmək və uyğunlaşmaq bacarığından qaynaqlanıb. Bu güc, qeyri-müəyyən və ümumiləşdirilmiş strategiyalarla zəiflədilməməlidir. Qlobal ticarətin gələcəyi rəqabət üzərində deyil, qarşılıqlı asılılıqları ağıllı şəkildə idarə edə bilmək bacarığı üzərində qurulacaq”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər