Dövlət iqtisadiyyatın yükünü özəl sektora ötürməlidir
İqtisadiyyat
845
20 Mar 2025 | 16:56

Dövlət iqtisadiyyatın yükünü özəl sektora ötürməlidir

Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi Azərbaycan iqtisadiyyatına dair iki aylıq göstəriciləri açıqlayıb. Komitənin məlumatına əsasən 2025-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatına investisiya qoyuluşları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz azalaraq 2 milyard 8,9 milyon manat təşkil edib. Bu dövrdə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 32,5 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 20,8 faiz azalıb.
 
2025-ci ilin yanvar-fevral aylarında neft-qaz sektoruna 618,6 milyon manatlıq investisiya yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilən 1 milyard 390,3 milyon manatlıq investisiyanın 280,6 milyon manatı (ümumi sərmayənin 14,0 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə olunub.
 
Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 638,1 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox investisiya yönəldilmişdi. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1 faiz artmışdı.
 
2024-cü ilin yanvar-fevral aylarında neft-qaz sektoruna 904,9 milyon manatlıq investisiya yönəldilmişdi. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 1 milyard 733,2 milyon manatlıq investisiyanın 97,9 milyon manatı (ümumi sərmayənin 3,7 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilmişdi.
 
Beləliklə, aydın olur ki, ötən ilin iki ayı ilə müqayisədə 2025-ci ilin yanvar-fevralında Azərbaycanda mənzil tikintisinə investisiyalarda 2 dəfədən çox, qeyri neft-qaz sektoruna yatırımlarda bu sektorun sənayesinə sərf olunan vəsaitlərin həcmində 2,8 dəfədən çox artım qeydə alınıb. Neft-qaz sektoruna investisiyalar 286,4 milyon manat, qeyri-neft-qaz sektoruna yatırımlar isə 342,9 milyon manat azalıb.
 
İqtisadiyyata investisiya qoyuluşlarının azalması nədən qaynaqlanır və bu, nə qədər davamlı ola bilər? İqtisadçı-ekspert Rəşad Həsənovun Musavat.com-a dediyinə görə, yatırımlarda azalma dövlət sektorundan qaynaqlanır:
 
Resad.jpg (25 KB)
 
“Bu da Azərbaycan iqtisadiyyatının mövcud strukturundan irəli gəlir. Dövlət, çox təəssüf ki, iqtisadiyyatda yüksək paya malik olmaqla onu özündə saxlayır. Nəticədə, iqtisadiyyata investisiya qoyuluşlarında dövlətin payı yüksək olur. Bu səbəbdən də dövlətin investisiya imkanları azalanda ümumi iqtisadiyyata qoyuluşlarda daralma baş verir. İqtisadiyyatda dövlət payının yüksəkliyi, digər iqtisadi fəaliyyət sahələrinin inkişafı, diversifikasiya uzun müddətdir Azərbaycan üçün xarakterik və aktual problemlər olaraq qalmaqdadır. Bu sahədə dövləti indi düşdüyü tələdən xilas etmək istiqamətində çoxsaylı təklif və təşəbbüslər, təəssüflər olsun ki, nəzərə alınmayıb. Buna görə də keçən ilin iki ayında dövlət sektoru iqtisadiyyata 1,6 milyard manat investisiya yatırmışdısa, bu ilin eyni dövründə bu göstərici 900 milyon manata qədər azalıb. Hansı ki, özəl sektorun investisiyalarında artım var – ötən ilin 2 ayındakı ilə müqayisədə 10 faizə yaxın artaraq 1,1 milyard manata çatıb. İnvestisiya qoyuluşu ümumi daxili məhsulun artımının əsasını təşkil edir. Bu baxımdan, investisiyaların azalması növbəti mərhələdə ÜDM istehsalında özünü büruzə verəcək”.
 
Ekspert investisiya qoyuluşunun ən çox azaldığı sektorlara diqqət yetirir: “Ən kəskin azalma kənd təsərrüfatı sahəsindədir – 74 faizə qədər. Çox təəssüf ki, ikinci böyük azalma emal sənayesindədir. Halbuki son illərdə emal sənayesi xeyli dərəcədə artım dinamikası nümayiş etdirirdi. Bu sahəyə sərmayə qoyuluşları 70 faiz azalıb. Azərbaycan iqtisadiyyatında ən çox investisiya qoyuluşları sənaye, nəqliyyat və anbar təsərrüfatı, tikinti sahələrindədir. Üçü birlikdə ümumi investisiya qoyuluşlarının 80-90 faizinə malikdir. İndi bu istiqamətlərin üçündə də ciddi azalma var. Düşünürəm ki, neft gəlirlərinin azalması fonunda dövlət sektorunun investisiyalarında azalma tendensiyasının davamlı olması ehtimalı böyükdür. Bu baxımdan, ölkə iqtisadiyyatına ümumi investisiyaların artımına nail olmaq üçün özəl sektoru, xüsusilə xarici investorları buna stimullaşdıran biznes və investisiya mühiti yaradılmalıdır. Dövlət heç də həmişə iqtisadiyyatın əsas yükünü öz üzərində daşıya bilməz. Dövlətin büdcə gəlirlərinin təminatı, sosial müdafiəni təmin etmək kimi vəzifələri var. Bu vəzifələrin öhdəsindən gəlmək üçün iqtisadiyyatın davamlı inkişafı zəruridir”.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər