Bu gün dünyada geosiyasi güc balansı dəyişir. Türk dövlətlərinin iqtisadi və siyasi əlaqələrinin güclənməsi son illərdə daha da sürətlənib. İş adamlarının və sahibkarların bu əməkdaşlıqdakı rolu xüsusi əhəmiyyət kəsb edir. Türk dövlətlərinin iqtisadi inteqrasiyası təkcə ticarət deyil, eyni zamanda qardaşlıq bağlarının möhkəmlənməsi deməkdir. Bəs bu birlik türk dünyası üçün nə qədər vacibdir?
Türkiyəli iş adamı Osman Özharputlu Moderator.az-a açıqlamasında deyib ki, türk dünyasının birliyi təkcə iqtisadi güc əldə etmək baxımından deyil, eyni zamanda tarixi və mədəni bağlarımızın möhkəmlənməsi baxımından da böyük əhəmiyyət daşıyır:
“Ortaq dil, tarix və mədəniyyət bizi bir-birimizə sıx şəkildə bağlayan ən dəyərli amillərdir. Lakin bu bağları gücləndirmək və konkret nailiyyətlərə çevirmək üçün iqtisadi və siyasi əməkdaşlıqlarımızı artırmalıyıq. Türk dövlətləri arasında iqtisadi inteqrasiya təbii sərvətlərin, sənaye istehsalının və ticarətin daha səmərəli istifadəsinə imkan verəcək. Xüsusilə enerji, kənd təsərrüfatı, müdafiə sənayesi və texnologiya sahələrində ortaq layihələr həyata keçirərək qlobal rəqabətdə daha güclü mövqe tuta bilərik. Türk Dövlətləri Təşkilatının (TDT) aktivləşməsi türk dünyasının beynəlxalq arenadakı gücünü artıracaq. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyəti kimi dövlətlərin birgə siyasət formalaşdırması, qlobal geosiyasi proseslərdə daha çox söz sahibi olmamıza imkan yaradacaq. Türk dövlətləri arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi layihələri bölgə təhlükəsizliyini artıracaq. Türkiyənin müdafiə sənayesində qazandığı uğurların türk dünyası ilə paylaşılması, regional təhlükəsizliyi və müstəqilliyi möhkəmləndirəcək. Ortaq tarix kitabları, media layihələri, tələbə mübadilə proqramları və akademik əməkdaşlıqlar türk gənclərinin ortaq düşüncə və biliklə yetişməsini təmin edəcək. Türk dünyasında vahid əlifba və dil siyasətinin formalaşdırılması mədəni inteqrasiyanı sürətləndirəcək. Türk dünyasının iqtisadi inteqrasiyasında iş adamları böyük rol oynayır.
Bu prosesdə görülməli olan əsas tədbirlər bunlardır:
Türk dövlətləri arasında ticarəti asanlaşdırmaq üçün azad ticarət zonaları yaradılmalı, gömrük rüsumları azaldılmalı və logistika şəbəkələri gücləndirilməlidir.
Türk iş adamlarını dəstəkləmək üçün ortaq investisiya fondları yaradılmalı, sənaye və infrastruktur layihələrinə maliyyə vəsaiti ayrılmalıdır.
Türk dövlətləri arasında ortaq sənaye bölgələri yaradılmalı, müdafiə sənayesi, enerji, kənd təsərrüfatı və logistika sahələrində əməkdaşlıqlar artırılmalıdır.
Ortaq universitetlər yaradılmalı, tələbə mübadilə proqramları genişləndirilməli və iş dünyasına yönəlmiş peşə təhsili layihələri həyata keçirilməlidir.
Türk dünyasının iqtisadi, siyasi və mədəni inteqrasiyası yalnız bir idea deyil, həm də zərurətdir. Güclü bir türk birliyi yalnız türk dövlətlərinə deyil, həm də regional və qlobal sabitliyə töhfə verəcəkdir. İş adamları olaraq üzərimizə düşən məsuliyyəti yerinə yetirməklə bu prosesi sürətləndirməliyik. Bu gün atacağımız addımlar gələcəkdə müstəqil, güclü və birliyə əsaslanan bir türk dünyasının təməlini formalaşdıracaq”.

ATUİAB (Azərbaycan Türk Uzbekistan İş Adamları Birliyi ), Caspian Capital Group şirkətləri Orta Asiya üztə nümayəndəsi və TKTİ( Tashkent Kimya Texnoloji İnustutu) innovasiya , ticarətləştirme bölümü rəhbəri və rektor məsləhətçisi olaraq 4 ilə yaxındır Daşkəntdə fəaliyyət göstərən Ruslan İmanzadə qeyd edib ki, tarix boyu Türk dünyası, Turan elləri, Ötükən vadisindən tutmuş Altay dağlarına, Qafqaz və Anadolu bölgələrinə qədər bu ərazidə yaşayan bütün türk dövlətləri arasında siyasi, iqtisadi və ictimai əlaqələr olmuşdur. Bu əlaqələr bəzən müttəfiqlik, bəzən isə siyasi çəkişmələrlə yanaşı, hər zaman iqtisadi sahədə özünü ən yüksək şəkildə göstərmişdir. Bunun əsas səbəbi İpək Yolunun üzərində yerləşməsidir. İpək Yolu, Çindən Avropaya və hətta Afrikaya qədər uzanaraq, Turan Ellərindən keçib, Azərbaycandan, Anadoludan keçərək Avropaya, Hələb vasitəsilə Aralıq dənizinə və Misirə çıxaraq, Afrika ilə əlaqələri genişləndirmişdir. Bu coğrafi əlaqədə yaşayan türk dövlətləri hər zaman bir-biri ilə inteqrasiya etmişdir.
Bişkekdə, Almatıda və Daşkənddə dörd ildən artıq yaşamışam. Orta Asiyanın böyük şəhərlərində asanlıqla ana dilimdə – Azərbaycan türkcəsində danışıb anlaşa bilirəm. Şahid olduğum ən əsas məsələlərdən biri xalq dili olaraq 80-90 faiz danışıq dilimizin kökünün eyni olmasıdır. Bu isə onu göstərir ki, biz iqtisadi, ictimai, ticari və mədəni əlaqələrimizin yanı sıra, soy kökümüz olaraq qardaş xalqlarımızla həm sevgi dolu, həm də dəstək dolu bir əlaqə saxlayırıq. Cənab Prezidentimizin hər sahədə olduğu kimi, bu sahədə də böyük, dinamik çıxışları, göstərişləri və çevik iqtisadi əlaqələrin inkişafındakı tapşırıqları, dövlət qurumları tərəfindən nəzarətdə saxlanılmaqla yanaşı, müstəqil iş adamları tərəfindən də bu siyasət bir tapşırıqcasına yerinə yetirilir. Cənab Prezidentimizin hər çıxışında qeyd etdiyi kimi, bizim dünyamız türk dünyasıdır, bizim yerimiz türk dünyasıdır. Bu gün Türk Dövlətləri Birliyində Azərbaycanın aktuallığı vurğulanmışdır. Cənab Prezidentimizin dinamik çıxışları, tapşırıqları və çevik iqtisadi əlaqələrin inkişafındakı tövsiyələri dövlət qurumları tərəfindən nəzarət altına alınır və müstəqil iş adamları tərəfindən həyata keçirilir.
Biznes əlaqələrimizi gücləndirməklə, iş adamları olaraq həm öz biznesimizin inkişafına, həm də qardaş ölkələrimizin inteqrasiyasına və iqtisadiyyatımızın inkişafına dəstək oluruq. Bu gün bütün türk dünyası, İstanbuldan Bişkekə, Almatadan Bakıya, Bakıdan Daşkəndə və Şimali Kiprdən Rusiyaya qədər olan ərazidəki türk dövlətləri arasında əlaqələr güclənir. Hətta bu əlaqələr Macarıstan kimi Avropa dövlətlərinin də diqqətini çəkir. Uzaq soy kök olaraq Hun tayfaları ilə biz onlarla qardaşıq və türk dövləti olaraq yaxınlıq münasibətindəyik. Bu yaxınlıq, təbii ki, bizim Türk Dövlətləri Birliyi olaraq ictimai, iqtisadi və mədəni fəaliyyətimizi ortaya qoyur. Vahid əlifbaya keçmək və Turan Dövlətləri Birliyinin bayrağının təsdiq edilməsi növbəti addımların atılmasına gətirib çıxaracaq. Bu, türkdilli dövlətlərin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə, turizm və mədəniyyətdən tutmuş siyasi və iqtisadi birliyə qədər hər sahədə müsbət nəticələr verəcəkdir. Bu sahədə Prezident İlham Əliyevin gördüyü işlər və atdığı addımlar təqdirə layiqdir".
Ruslan İmanzadə vurğulayıb ki, türk dövlətləri arasında ərazi baxımından bəlkə də ən kiçik dövlətdən biri olan Azərbaycan, cənab Prezidentimizin siyasi gedişləri və iqtisadi addımları sayəsində bu gün Türk Dövlətləri Birliyində daha aktiv və lider dövlətlərdən birinə çevrilib:
"Bu, təbii ki, Azərbaycan vətəndaşı olaraq bizim üzərimizə Orta Asiyada qardaş ölkələrimizlə məsuliyyətimizi birə-on artırır. Çünki biz yalnız dövlətimizi, millətimizi və xalqımızı təmsil etməklə yanaşı, Prezidentimizin iqtisadi sahədəki siyasətini dəstəkləyirik. Bu siyasətlə, Turan ellərində Türk Dövlətləri Birliyinin inkişafına, az da olsa, dəstək olmağa çalışırıq.Bu addım, Azərbaycan dövlətinə siyasi arenada göstərilən dəstək baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki cənab Prezident İlham Əliyev, ümummilli liderimizin oğlu, Ali Baş Komandanımız, Türk dövlətləri arasında lider şəxslərdən biridir.Yalnız Türk dövlətləri içində deyil, cənab Prezidentimizin siyasəti nəticəsində Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Təşkilatında da atdığımız addımlar xüsusi əhəmiyyət daşıyır. Ötən ilin payızında COP29 tədbiri zamanı dünyanın yüzdən çox dövlətinin minlərlə nümayəndəsi Azərbaycanı ziyarət etdi və bu, Azərbaycan dövlətinin beynəlxalq siyasi arenada nə qədər böyük çəkisi olduğunu göstərdi.Türk dövlətləri içərisində Azərbaycan dövləti, xüsusilə Orta Asiya ölkələrində iqtisadi fondu olaraq təmənnasız və faizsiz şəkildə qardaş ölkələrin inkişafına dəstək verir. Böyük dövlətlər, məsələn, Çin, Avropa, Rusiya və ərəb ölkələri bu ölkələrə müəyyən faizlə investisiya qoyurlar. Lakin Azərbaycan dövlətinin xüsusi siyasəti budur ki, bu iqtisadi əlaqələr, Azərbaycan ilə Qırğızıstan və ya Özbəkistan arasında, həmçinin Azərbaycan iş adamları ilə birgə qurulan müəssisələrdə faizsiz həyata keçirilir. Özbək vətəndaşları ilə apardığımız sorğuda, Azərbaycan xalqını sevdiklərini, dəstəklədiklərini və 44 günlük ikinci Qarabağ müharibəsində Özbekistan və Qırğızıstanın bizə böyük mənəvi dəstək verdiyini bildirdilər. Bu, bizə siyasi arenada haqq yolumuzu dəstəkləyən qardaş ölkələrimizin dəstəyini göstərir. Cənab Prezidentimiz həm daxili, həm də xarici siyasətdəki strateji gedişləri ilə siyasi basqılara tab gətirib, həmçinin onların mənfur addımlarını qabaqcadan müəyyən edib ifşa etmişdir.Bizim dövlətimiz və dövlət başçımız həm Orta Asiyada, həm də dünyanın müxtəlif bölgələrindəki türk xalqlarının nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Bu, bizim dövlətimizin uğurunun ən böyük göstəricisidir".
Həmyerlimiz onu da əlavə edib ki,dövlət qurumları, özəl sektor və böyük holdinqlər iqtisadi əlaqələrin inkişafında müsbət addımlar atırlar:
"Bu günlərdə Türk dünyasında xüsusilə inşaat sahəsində böyük irəliləyişlər mövcuddur. Sovetlər Birliyi dağıldıqdan sonra, demək olar ki, bütün türk dövlətləri, Orta Asiya və Qafqazda, xüsusən Azərbaycanda, Sovet dövrünə aid memarlıq abidələrinin köhnəlməsi, sürətlə artan əhali və iqtisadi rifahın yaxşılaşması nəticəsində, böyük şəhərlərdə yenidənqurma və tikinti sektoru sürətlə inkişaf edir. Buna görə, diqqətimizi daha çox iş adamları, inşaat sektoru və istehsal müəssisələrinin qurulmasına yönəltmişik. Dövlət qurumları tərəfindən isə neft və qaz sahəsində çox böyük kontraktlar mövcuddur. Eyni zamanda, logistika, turizm və aqro-kənd təsərrüfatı sahələrində də böyük yatırımlar həyata keçirilir. Dövlət qurumları artıq müxtəlif protokollarla əməkdaşlıq edərək bir-birinə dəstək verir və inkişaf edirlər.
Xüsusi sektorda isə inşaat və neft-qaz sahələrində irəliləyişlər daha çox diqqət çəkir. Kənd təsərrüfatı sahəsində də böyük irəliləyişlər müşahidə olunur və bu irəliləyişlər iqtisadiyyatın demək olar ki, bütün sahələrində görünür. Məsələn, Azərbaycanda tətbiq olunan ASAN xidmət modeli artıq Özbəkistanda da tətbiq edilməyə başlanıb. Eyni şəkildə, Özbəkistanda aqro və tekstil sahələrindəki inkişaf Azərbaycanda tətbiq olunmağa başlayıb. Özbəkistanın neft və qaz sahələrindəki inkişafda isə SOCAR şirkətinin böyük əməkdaşlığı mövcuddur. Dağ-mədən, energetika və turizm sahələrində həm iş adamlarının, həm də dövlət qurumlarının yatırdığı investisiyalar var. Bu iqtisadi əlaqələr bütün sahələrdə inkişaf edir. Demək olar ki, ildə ən azı 4-5 dəfə Azərbaycandan biznes klublar Özbəkistan, Qırğızıstan və Qazaxıstana səfər edir, ya da tam tərsi, Özbəkistandan 3-4 biznes qrupunun Azərbaycana səfərləri olur və bu forumlarda iştirak edirlər. Eyni zamanda, iş adamları ilə görüşlər təşkil olunur, ticari və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, investisiyaların qoyulmasında da müştərək addımlar atılır.
Ən çox diqqət çəkən mövzulardan biri, Azərbaycanın Özbəkistan, Qırğızıstan və Qazaxıstanla iş adamlarının birgə investisiya qurmasıdır. Bu, çox ürəkaçandır, çünki birgə əməkdaşlığın Türk dünyasına müsbət nəticələr verəcəyinə inanırıq. Birgə əməkdaşlıqda təcrübələrin və investisiyaların qoyulması yüksək etibarlılıqla dəyərləndirilir. Bununla yanaşı, bu gün iş adamlarının Orta Asiyaya yönəlməsi və Orta Asiyadan Azərbaycan və Türkiyəyə doğru olan axın, Türk və qardaş dövlətlərimizin iqtisadi əlaqələrinin inkişafının göstəricisidir. İnanıram ki, bu göstəricilər daha da böyüyəcəkdir".

Sahibkar, hüquqşünas, memar, “Zaferoğlu” inşaatın qurucusu Zəfər Məmmədov təsiqləyib ki, dünyada geosiyasi güc balansı sürətlə dəyişir və qlobal iqtisadi sistem yeni mərkəzlərin formalaşması ilə yenidən qurulur:
“Bu dəyişikliklər fonunda Türk Dövlətləri Təşkilatı (TDT) getdikcə daha vacib bir iqtisadi və siyasi blok kimi ön plana çıxır. TDT-yə üzv ölkələrin ümumi ÜDM-si 1,5 trilyon ABŞ dollarına yaxınlaşır və bu rəqəm getdikcə artır. Türk dövlətlərinin iqtisadi inteqrasiyası yalnız ticarət və investisiya məsələsi deyil, eyni zamanda tarixi, mədəni və qardaşlıq bağlarının daha da gücləndirilməsi deməkdir. Əgər biz birgə hərəkət edəriksə, 2050-ci ilə qədər Türk dövlətlərinin birgə iqtisadi gücü 5 trilyon dolları ötə bilər. Türk dövlətləri arasındakı ticarət dövriyyəsi hazırda 30 milyard dollar səviyyəsindədir. Lakin bu, potensialın yalnız bir hissəsidir. TDT üzvləri arasında sərbəst ticarət müqavilələrinin sayının artması nəticəsində bu rəqəm yaxın illərdə 100 milyard dollara çata bilər.
Azərbaycan və Qırğızıstan arasında iqtisadi əlaqələr son illərdə sürətlə inkişaf edir. 2023-cü ilin ticarət dövriyyəsi 15 milyon dolları keçib, lakin bu göstərici potensiala uyğun deyil. Yaxın illərdə bu rəqəmin 100 milyon dollara çatdırılması hədəflənir. Qırğızıstan və Azərbaycan arasında ticarət, investisiya və strateji tərəfdaşlıq sahəsində mühüm addımlar atılır.
Azərbaycan və Qırğızıstan arasında Sərbəst Ticarət Sazişinin imzalanması planlaşdırılır. Qırğızıstandan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı artırılır. Azərbaycanın enerji və infrastruktur sahəsində Qırğızıstana investisiya yatırması müzakirə olunur. Logistika və nəqliyyat sahəsində Orta Dəhliz çərçivəsində Qırğızıstanın rolu artır”.
Sahibkar əlavə edib ki, türk dünyası böyük nəqliyyat və logistika potensialına sahibdir:
“Qazaxıstan və Qırğızıstan Orta Dəhlizin əsas hissəsidir və Azərbaycan üzərindən Avropaya çıxış əldə edirlər. Azərbaycan və Qırğızıstan arasında yeni tranzit yollarının açılması Qırğızıstanın Çinə çıxışını genişləndirə bilər. Türkiyə ildə 500 milyard dollarlıq xarici ticarət dövriyyəsinə sahibdir və bu, Türk dövlətləri üçün böyük bazar imkanları yaradır.
Türk sahibkarları bir-birinə dəstək olduqda və iqtisadi əlaqələri dərinləşdirdikdə, bu proses təkcə iqtisadi güc yaratmır, həm də xalqlar arasında mənəvi bağları möhkəmləndirir. Sahibkarların birgə çalışması aşağıdakı üstünlükləri təmin edir:
Yeni bazar imkanlarının açılması – Müştərək investisiyalar və sərmayə fondları yaradılaraq biznes imkanları genişlənir. Ortaq sənaye və istehsal gücünün artırılması – Türk dövlətlərində istehsal müəssisələri yaradılaraq idxaldan asılılıq azalır. Turizm və xidmət sektorunda əməkdaşlıq – 2023-cü ildə Türk dövlətləri arasında turizm həcmi 5 milyon nəfəri ötüb, lakin bu potensialın yalnız 30%-ni təşkil edir”.
Z.Məmmədov xatırladıb ku, son illərdə türk sahibkarlarının əməkdaşlığını gücləndirmək üçün bir sıra mühüm addımlar atılıb:
“Türk İnvestisiya Fondu yaradılıb – Bu fond 500 milyon dollarlıq ilkin kapital ilə Türk dövlətləri arasında investisiyaları dəstəkləyir. Türk Dövlətləri Gömrük İttifaqının yaradılması planlaşdırılır – Bu layihə həyata keçərsə, Türk ölkələri arasında gömrük prosedurları sadələşəcək və ticarət dövriyyəsi 3 dəfə artacaq. Azərbaycan-Qırğızıstan İş Adamları Forumunun keçirilməsi planlaşdırılır. İnnovasiya və startap sahəsində ortaq layihələr hazırlanır.
Türk dövlətləri arasında sahibkarlar üçün daha sıx əlaqələrin qurulması üçün aşağıdakı addımlar atılmalıdır:
Gömrük və ticarət prosedurlarının tam liberallaşdırılması – Xüsusilə, Orta Dəhliz üzərində fəaliyyət göstərən ölkələr arasında vahid gömrük sisteminin yaradılması.
Türk ölkələri arasında milli valyutalarla ticarət imkanlarının genişləndirilməsi – Hazırda bu proses başlanğıc mərhələsindədir, lakin uğurla həyata keçirilərsə, xarici valyutalardan asılılıq azalacaq.
Türk Sahibkarlar Assosiasiyasının daha aktiv fəaliyyət göstərməsi – Sahibkarların bir araya gəldiyi ortaq iqtisadi platformaların sayının artırılması…”.
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.