Azərbaycanda qiymət intizamının pozulmasına dair istehlakçı müraciətlərinin sayı açıqlanıb
İqtisadiyyat
341
17:24, Bu gün

Azərbaycanda qiymət intizamının pozulmasına dair istehlakçı müraciətlərinin sayı açıqlanıb

2024-cü ildə Azərbaycanda ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində qiymət intizamının pozulması ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 55, 2025-ci ilin yanvar-fevral aylarında isə 7 vətəndaş müraciəti daxil olub.
 
"Report"un Lənkərana ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı rayonda "İstehlakçı hüquqları" mövzusunda keçirilən təlimdə bildirib.
 
Onun sözlərinə görə, müraciətlərin araşdırılması nəticəsində ötən il məhsulların üzərində qiymətlərin xarici valyutada göstərilməsi ilə bağlı 2, istehlakçılara təqdim olunan menyuların düzgün tərtib olunmaması ilə bağlı isə 3 sahibkarlıq subyekti barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
 
"Ümumilikdə, baxılan müraciətlərdən 22-si təmin olunub. İctimai iaşə sektorunda istehlakçı hüquqlarının qorunmasını gücləndirmək məqsədilə qanunvericiliyin tələblərini əks etdirən bildiriş və menyu nümunələri hazırlanaraq ötən il 6 422, bu ilin 2 ayında isə 79 ictimai iaşə obyektinə paylanıb", - deyə o qeyd edib.
 
Y.Tapdıqlı vurğulayıb ki, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində maarifləndirmə tədbirlərinə dəstək məqsədilə Dövlət Vergi Xidməti ictimai iaşə fəaliyyəti ilə məşğul olan 20 542 sahibkarlıq subyektinin elektron kabinetinə maarifləndirici bildirişlər göndərib.
 
"Ticarət sahəsində qiymət intizamının təmin edilməsi və istehlakçı hüquqlarının qorunması üçün meyvə-tərəvəz, tikinti materialları və geyim satışı sahələrində qanunvericiliyin tələblərini əks etdirən bildiriş və qiymət kağızlarının nümunələri hazırlanaraq 2024-cü ildə 4 471, 2025-ci ilin yanvar-fevral aylarında isə 2 903 obyektə paylanıb", - deyə agentlik rəsmisi əlavə edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər