Azərbaycan Neft Fondu hansı qızılı alır?
İqtisadiyyat
510
16:07, Bu gün

Azərbaycan Neft Fondu hansı qızılı alır?

Azərbaycan Dövlət Neft Fondu 2024-cü ildə İnvestisiya Siyasətinə uyğun olaraq ümumilikdə 3,6 milyard ABŞ dolları dəyərində 44,8 ton qızıl alıb və və ilin sonuna qızıl ehtiyatlarının həcmi 146,6 tona çatıb.
 
Bu məlumat Musavat.com-un sorğusuna Neft Fondundan verilən cavabda əksini tapıb.
 
Fond qeyd edir ki, İnvestisiya Siyasətinə və daxili təlimatlara əsasən ARDNF yalnız London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının (LBMA) müəyyən etdiyi “Good Delivery Rules” standartlarına uyğun qızıl külçələrin alınmasına investisiya edə bilər:
 
“Qeyd edilən standartlara uyğun qızıl külçələrin emalı yalnız LBMA-yə üzvlük haqqını qazanmış, bu sahədə geniş təcrübəsi olan nüfuzlu müəssisələr tərəfindən həyata keçirilir. İstehsal edilmiş qızıl külçələr müvafiq olaraq, LBMA üzvü olan banklar tərəfindən investorlara satılır”.
 
Qeyd etmək lazımdır ki, “AzerGold” QSC ölkə ərazisində qızıl yataqlarının kəşfiyyatı və qızıl hasilatını həyata keçirir. Şirkət LBMA üzvü olmaması səbəbindən “Good Delivery Rules” standartlı qızıl külçələr emal etmir.
 
Bununla belə, ARDNF müxtəlif illərdə “AzerGold” QSC tərəfindən hasil edilən, lakin növbəti mərhələdə LBMA üzvü olan müəssisədə emal olunan qızıl külçələr əldə edib: “Belə ki, ARDNF təqribən 3 tona yaxın (249 qızıl külçə) “AzerGold” QSC tərəfindən hasil edilən və İsveçrənin “Argor-Heraeus” şirkəti tərəfindən emal edilən “Good Delivery Rules” standartına uyğun qızıl əldə edib. Qızıl külçələrin alınması, LBMA üzvü olan “JP Morgan” bankı vasitəsi ilə baş tutub”.
Link kopyalandı!
Son xəbərlər