Təqdimat zamanı
İqtisadiyyat
1222
08:45, Bu gün

Təqdimat zamanı "Apple" məhsullarında saat niyə həmişə 09:41-i göstərir?

ABŞ mərkəzli texnologiya nəhəngi "Apple" 2000-ci illərin sonlarında, fərqinə varmadan, sanki Pandoranın qutusunu açdı. Aradan illər keçdi və Stiv Cobs ilə başlayan bu macəra, onun vəfatından sonra da davam etdi.
 
News24.az bildirir ki, hazırda "Apple", minlərlə rəqibi olmasına baxmayaraq, dünyanın ən varlı beş şirkətindən biridir. Hətta bəzi günlərdə birinci yerə belə yüksəlir.  
"Apple" hər il məhsul çeşidini yeni modellərlə genişləndirir. "iPhone", "iPad", "MacBook", "AirPods" və digər məhsulları bazara çıxaran texnologiya nəhəngi, sektorda liderliyini qoruyur. Elə buna görə də son illərdə ən çox satılan smartfon məhz "iPhone" olub.  
İl ərzində "Apple" adətən iki və ya üç tədbir təşkil edir. İyun ayında yeni proqram təminatı və əməliyyat sistemlərinin təqdim edildiyi WWDC tədbirləri keçirilir, sentyabrda isə yeni "iPhone" modelləri təqdim olunur. Bəs təqdimat və ya reklam materiallarında diqqətinizi bir detal cəlb edibmi? Məsələn, illərdir cihazların ekranında həmişə eyni saat göstərilir.  
 
Əgər ortada "Apple" varsa, demək ki, burada bir çox sirr var. Məhz təqdimat və reklam materiallarındakı saat da bunlardan biridir.  
Saatın 09:41 olaraq seçilməsinin səbəbi nədir?  
2007-ci ildə Stiv Cobs ilk "iPhone"u təqdim edərkən saat 09:42 idi. O, çıxışının təxminən 42-ci dəqiqəsində, "Bu gün 'Apple' telefonu yenidən ixtira edəcək" sözləri ilə tarix yazmışdı.  
 
O dövrdə bütün reklam və təqdimat materiallarında saat 09:42 olaraq göstərilirdi. Bunu çap reklamlarında, hətta "Apple"ın veb-saytında da görmək mümkün idi. Lakin bu ənənə 2010-cu ildə, ilk "iPad"in təqdimatı ilə dəyişdi. Çünki bu dəfə saat fərqli idi: 09:41.  
Hazırda "Apple"ın rəsmi veb-saytına baxsanız, bütün cihazlarda saatın həmişə 09:41 olaraq göstərildiyini görəcəksiniz. Bu, təkcə "iPhone"lara deyil, "Mac" modellərinə də aiddir. Hətta ötən ay keçirilən təqdimatda nümayiş etdirilən "iPad Air 2" reklamında da ekran 09:41-i göstərirdi.  
Bəs saat niyə dəyişdi? Avstraliyalı tətbiq tərtibatçısı Con Menning bu sirri "Apple"ın keçmiş iOS rəhbəri Skott Forstaldan  öyrənib.  
Forstaldın sözlərinə görə, səbəb olduqca sadədir:  
"Təqdimatlar zamanı məhsulun əsas tanıtımını çıxışın təxminən 40-cı dəqiqəsinə planlaşdırırıq. Cihazın böyük görüntüsü ekrana verildikdə, saatın izləyicilərin qol saatlarındakı vaxta yaxın olmasını istəyirik. Amma dəqiq 40-cı dəqiqəyə düşəcəyini bilmirik."  
"iPhone" üçün saatı 09:42 olaraq ayarladılar və bu, olduqca dəqiq bir proqnoz idi. Çünki Stiv Cobs həqiqətən də "iPhone"u məhz 09:42-də təqdim etmişdi. Lakin sonradan bu saat 09:41 olaraq dəyişdirildi.    /valyuta.az
Link kopyalandı!
Son xəbərlər