“Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olması diplomatiyamızın uğurudur və təqdir olunmalıdır”.
Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili Vahid Əhmədov bildirib. O, qeyd edib ki, D-8 İƏT həm regional təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından mühüm potensial vəd edir:
“D-8 İƏT-də dünyanın bir sıra böyük müsəlman dövlələtləri təmsil olunur ki, bunların sırasına Türkiyə, Pakistan, İndoneziya, Banqladeş, İran, Misir, Nigeriya və Malayziya daxildir. Hansı ki, bu ölkələr həm iqtisadi gücünə, həm də insan resursuna görə fərqlənir.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə dövlətimizin nümayəndə heyəti adıçəkilən təşkilatın iclasında iştirak edib və ölkəmiz 1997-ci ildən fəaliyyət göstərən bu quruma üzv qəbul edilib.
Hesab edirəm ki, Azərbaycanın D-8-də iştirakı dövlətimizin iqtisadi-təhlükəsizlik maraqlarına uyğun olduğu kimi, bizim sözügedən qurumda təmsilçiliyimiz də D-8 İƏT-in marağına uyğundur. Çünki Azərbaycan hər şeydən öncə sürətli iqtisadi inkişafı ilə diqqət çəkən, zəngin resurslara və perspektivlərə malik bir dövlətdir. Bu isə o deməkdir ki, Azərbaycanın D-8-ə üzvlüyü bu qurumu daha da güclü edəcək, onun nüfuzunu artıracaq.
Ümumiyyətlə, yaxın gələcəkdə D-8 İƏT-də təmsil olunan dövlətlər arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsi, habelə nəqliyyat və kommunikasiya sahəsində əlaqələrin daha da inkişafı gözləniləndir. Bu qurumun İslam həmrəyliyi baxımından da müsbət təsirlərə malik olduğu qeyd olunmalıdır.
Bütövlükdə, Azərbaycanın D-8 İƏT-də təmsilçiliyinin iqtisadi inişafımıza təkan verəcəyinə inanıram”.
Seymur ƏLİYEV