Prezident İlham Əliyev Türkiyədə rəsmi səfərdədir.
Maraqlıdır, bu səfər Türkiyə ilə iqtisadi münasibətlərin gələcəyinə nə vəd edir?
Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin sürətlə genişləndiyinə diqqət çəkib:
“Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Türkiyə ticarət dövriyyəsi baxımından Azərbaycanın ikinci ən böyük tərəfdaşıdır. Digər tərəfdən, Türkiyə Azərbaycanın qeyri-neft sektorunda əməkdaşlıq etdiyi ikinci ən böyük ölkədir.
Azərbaycanla Türkiyə arasında strateji əlaqələr dərinləşməkdədir. İki ölkə arasnda əsas hədəflərdən biri ticarət dövriyyəsinin 15 milyar dollara qədər artırılmasıdır.
Sözsüz, cənab Prezidentin Türkiyəyə səfəri həm iqtisadi əlaqələrin daha da dərinləşməsi, həm də ticarət dövriyyəsinin artmasına xidmət edəcək. İqtisadi əlaqələrimizin genişlənməsi qarşılıqlı olaraq investisiya qoyuluşunun artmasına, ticarət dövriyyəsində yeni artımlara səbəb olacaq.
Yalnız Azərbaycanla Türkiyə arasında deyil, bütövlükdə, türk dövlətləri arasında münasibətlərin daha da dərinləşməsini müşahidə edirik. Bu, özünü türk dövlətləri arasında ticarət dövriyyəsinin artmasında, iqtisadi münasibətlərin yeni müstəviyə daxil olmasında və strateji əməkdaşlığın genişlənməsində göstərir. Bu baxımdan Azərbaycan-Türkiyə əməkdaşlığı, strateji münasibətləri bir nümunədir.
Biz Azəbaycanın digər türk dövlətləri ilə sıx əməkdaşlığına şahid olmaqdayıq. Bütün bunlar ondan xəbər verir ki, 2025-ci ildə yalnız Azərbaycanla Türkiyə arasında deyil, bütün türk dövlətləri arasında strateji münasibətlər dərinləşəcək”.
Seymur ƏLİYEV