Bank müflis olarsa, hansı əmanətlər geri qaytarılmır?
İqtisadiyyat
605
14:04, Bu gün

Bank müflis olarsa, hansı əmanətlər geri qaytarılmır?

"Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərində kəskin artımlar müşahidə olunur. Sistem əhəmiyyətli banklarda ABŞ dollarında əmanət üzrə illik faizlər 4.5 faizədək yüksəlib. Nəinki illik depozit faizləri, hətta üçaylıq faizlər belə 3 faizədək artıb".
 
Bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 
O qeyd edib ki, burada diqqəti çəkən əsas məqamlardan biri bankların depozitlərə sığortalanan faizlərdən daha çox gəlir təklif etmələridir:
 
"Bu isə təbii ki, qorunmayan depozitlərin həcminin artmasına səbəb olacaq. Qanunvericiliyə əsasən, hazırda hər bir iştirakçı bankda 100 min manatadək depozitlər sığortalanır. Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12, xarici valyutada isə 2.5 faizdir.
 
Göründüyü kimi, xarici valyutada qorunan əmanətlərin maksimum faiz dərəcəsi 2.5 faiz olsa da, hazırda əksər banklarda həmin əmanətlər üzrə depozit faizi 5-ə çatmaqdadır. Bu isə o deməkdir ki, qorunan əmanət faizindən yüksək depozit gəliri təklif edən vəsait, məbləğindən asılı olmayaraq, sığortalanmır. Yəni bank müflis olarsa, o əmanətlər geri qaytarılmır".
 
"Yeri gəlmişkən, cəmi depozitlərin həcmi 2025-ci ilin yanvar ayının sonuna əvvəlki ayla müqayisədə 40 milyard 270 milyon manatdan 40 milyard 175 milyon manatadək azalıb. Azalma qeyri-maliyyə təşkilatlarının yerləşdirdiyi depozitlərin müvafiq dövrdə 22 milyard 532 milyon manatdan 21 milyard 756 milyon manata düşməsi ilə bağlıdır.
 
Maraqlıdır ki, əgər banklarda izafi vəsaitlər, yəni resurs artıqlığı varsa, o zaman niyə bahalı depozit siyasəti həyata keçirilir?
 
Əslində, depozit faizlərindəki artımlar banklardakı izafilik deyil, əksinə, vəsaitə tələbin olmasından xəbər verir. Bu isə kredit bazarı üçün yaxşı siqnal deyil", - deyə deputat qeyd edib.
Link kopyalandı!
Son xəbərlər